Üç ölkə prezidentlərinin görüşü keçirilib
Türkmənistanın paytaxtı Aşqabadda Türkmənistan, Özbəkistan və Tacikistan prezidentlərinin üçtərəfli zirvə toplantısı keçirilib.
İlk dəfə keçirilən sammit ənənəvi dostluq, mehriban qonşuluq və hökumətlərarası münasibətlərdə yeni səhifə, çoxtərəfli əlaqələrin gələcək inkişafı üçün möhkəm əsas kimi qiymətləndirilib.
Görüşün yekunlarına dair birgə bəyannamə qəbul edilib. Sammitdən sonra Türkmənistan Xarici İşlər Nazirliyində üç ölkənin xarici işlər nazirlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Konfransda çıxış edən Türkmənistanın xarici işlər naziri Rəşid Meredov bildirib ki, budəfəki sammit üç ölkə arasında əməkdaşlığın və dostluğun daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
"Sammitin gündəliyində üç əsas məsələ var. Amudərya çayının su ehtiyatlarından səmərəli istifadə, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və aktivləşdirilməsi, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, logistika və nəqliyyat əməliyyatlarının genişləndirilməsi əsas məsələlərdir", - deyə Meredov qeyd edib.
Regionun bütün xüsusi iqlim-coğrafi xüsusiyyətlərinin qorunması və su ehtiyatlarından səmərəli istifadə kimi əsas məsələlərin mühüm problemlər sırasında olduğunu vurğulayan Meredov qeyd edib ki, bu kontekstdə ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıq uğurla həyata keçirilir.
"Türkmənistan böyük təbii qaz ehtiyatlarına malikdir. Qaz ixracının tədarükünün şaxələndirilməsi, o cümlədən, tranzit istehsalçı və istehlakçıların maraqları ilə enerji balansının qorunması bizim üçün əsas prinsiplərdir", - deyə Türkmənistanın xarici işlər naziri əlavə edib.
Meredov nəqliyyat və logistika sahəsinin üç ölkə arasında əməkdaşlığın prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, sammitdə Tacikistan-Özbəkistan-Türkmənistan nəqliyyat dəhlizinin yaradılması, bu sahədə qiymətlərin müəyyən edilməsi və nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində atılacaq addımların ətraflı müzakirə olunduğunu deyib.
Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin isə, əsasən, üç ölkə arasında ticarət və iqtisadi əlaqələrə toxunub.
Özbəkistanın xarici işlər naziri Bəhtiyar Saidov sammitin nəticələrinin regional əməkdaşlığın inkişafına böyük töhfə verəcəyini vurğulayıb. İlk dəfə keçirilən sammitə yüksək səviyyədə hazırlıq görüldüyünü deyən Saidov xüsusilə xarici işlər nazirləri səviyyəsində onlayn görüşlərin keçirildiyini, üç ölkədən ekspertlər səviyyəsində çoxlu görüşlərin təşkil olunduğunu diqqətə çatdırıb.(trend)
KARUSEL / DÜNYA
Tarix: 7-08-2023, 13:18