mobil versiya

74-cü Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən 3 min 600-dək elmi məqalə qəbul olunub


74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ölkəmiz üçün son illərin ən prestijli, qlobal tədbiri baxımından kosmos sahəsində ən əvəzolunmaz bir tədbirdir.
Çox qürur duyuruq ki, Azərbaycan belə bir tədbirə bu il oktyabrın 2-6-da ev sahibliyi edəcək. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün tərəfimizdən dinamik şəkildə, gecə-gündüz sürətlə bu hazırlıq işləri aparılır.
Bu sözləri “Azərkosmos”un İctimaiyyətlə əlaqələr və kommunikasiya qrupunun rəhbəri Fidan Behbudova deyib.
“74-cü Beynəlxalq Astronavtika Konqresini məhz Bakıda keçirmək üçün daha öncədən biz bir sıra işlər görmüşdük. Əvvəlcə qeyd edək ki, bu Konqresi təşkil edən Beynəlxalq Astronavtika Federasiyasıdır. 2019-cu ilin oktyabr ayında ABŞ-nin paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb”, - deyə “Azərkosmos” rəsmisi bildirib.
Fidan Behbudova qeyd edib ki, “Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçiriləcək 74-cü Konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunacaq. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər.
“Bakıda baş tutacaq 74-cü Beynəlxalq Astronavtika Konqresinə artıq 50 gündən çox az vaxt qalıb. Güman ki, çoxunuz Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzi arasında aparılan tikintini görmüsünüz və sizdə sual yaranıb ki, bu nədir? Əslində bu, Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçiriləcək sərgi zalının tikintisidir. Bu tədbir üçün 8000 m2 sahədə müvəqqəti Sərgi Pavilyonu təşkil olunacaq. Sərgi pavilyonu Konqresə sponsor olacaq beynəlxalq kosmik şirkətlərin və sərgi iştirakçılarını qəbul edə biləcək. Sevindirici haldır ki, kosmos sahəsindən olan iri şirkətlər Bakı konqresində böyük maraq göstərirlər. Pavilyonda iştirakla bağlı artıq 50-dən çox təşkilatla müqavilə imzalanıb. Son zamanlar biz tədbirin PR işlərini beynəlxalq səviyyədə daha da gücləndirmişik. Hazırda 70-dən çox ölkədən kosmik şirkətlər və nümayəndələr artıq Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak üçün qeydiyyatdan keçiblər. Konqres tarixində bu tədbirin Bakıda keçirilməsi yeni bir səhifədir. “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda baş tutacaq beynəlxalq konqres kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və qabaqcıl həllərlə bağlı fikir mübadiləsi üçün açıq platforma olacaq. Bu hər bir iştirakçı üçün yeni bir şansdır”, - deyə F.Behbudova vurğulayıb.

Xatırladaq ki, tədbir futuristik Bakı Konqres Mərkəzindən, görkəmli memar Zaha Hadidin layihələndirdiyi möhtəşəm Heydər Əliyev Mərkəzindən və sərgi pavilyonundan ibarət Bakı Konqres Kompleksində keçiriləcək.
Fidan Behbudovanın sözlərinə görə, Beynəlxalq Astronavtika Konqresi özündə böyük və maraqlı konsepti birləşdirir: “Həm texniki sessiyalar, həm elmi məqalələr olan hissəsi, üstəlik sərgi pavilyonu.
“Sərgi pavilyonu biznes imkanlara yol açır. Konqresin böyük həcmli hissəsini elmi məqalələr təşkil edir. Bu il Bakı Konqresində elmi məqalələrə böyük maraq var. Ümumilikdə, 95 ölkədən 3 min 600-dək elmi məqalə Bakı Beynəlxalq Astronavtika Konqresinə qəbul olunub. Məhz Azərbaycandan gənc tədqiqatçılar, professorlara aid 214 məqalə qeydiyyatdan keçib. Azərbaycan gənclərinin bu məqalələr arasında öz yerini tapması çox qürur verici haldır. Bu bir daha sübut edir ki, Azərbaycanda da kosmos sahəsinə maraq böyükdür. Xüsusilə gənclər bu sahəyə çox maraq göstərir”, - deyə F.Behbudova qeyd edib.
Önəmli məqamlardan biri də bu il Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı ölkəmizdə viza prosedurlarının sadələşdirilməsidir. Prezident İlham Əliyev bununla bağlı 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla müəyyən edilib ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və Sərəncamda qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab ediləcək:
1. 74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan Beynəlxalq Astronavtika Federasiyasının müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçməni təsdiq edən sənəd;
2. 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin rəsmi dəvət məktubu.
Həmçinin 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılışında bir sıra tanınmış insanların, kosmik sahədə öz fəaliyyəti ilə məşhur insanların iştirakı gözlənilir. Bunlardan biri məşhur yazıçı, tarixçi, professor Yuval Noah Hararidir. O, Konqresin açılışında iştirak edəcək.
Könüllülərlə xüsusi hazırlıqlar aparıldığını diqqətə çatdıran F.Behbudova deyib ki, bu ilin iyun ayında könüllülərin seçimi aparıldı və müəyyən bir qrup gənc seçilib: “Onlara hazırda kosmik sahəyə dair, zamanın idarə olunması və bir sıra digər mövzularda xüsusi təlimlər keçirilir. Konqres müddətində könüllülər çox dəyərli təcrübə qazanacaqlar. Çünki Beynəlxalq Astronavtika Konqresi 50 ildən sonra yenidən Bakıda keçiriləcək. Paytaxtımız 50 il sonra yenidən bu əlamətdar tədbirə ev sahibliyi edəcək. Belə ki, 1973-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə 24-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi ilə Bakı regionda bu tədbirin təşkil olunduğu ilk şəhər olub. Bu il könüllülərdə bu Konqresin bir parçası olacaq”, - deyə “Azərkosmos” rəsmisi əlavə edib.
Kosmik fəaliyyət haqqında qanunun qəbul olunması bu sahədə böyük addım olduğunu qeyd edən F.Behbudova bildirib ki, Azərbaycanın “Azərkosmos” Kosmik Agentliyi dünyada 80-dən çox kosmik agentlik kimi fəaliyyət göstərən ölkələr sırasındadır: “Demək olar ki, bir çox ölkədə Kosmik fəaliyyət haqqında qanun yoxdur. Çox məhdud və limitləri olan Kosmik fəaliyyətə dair qanunlar mövcuddur, lakin əsas tənzimləyici rol oynayan bir qanun yoxdur. Peyklərin orbitə çıxarılması və ya digər hər hansı kosmik fəaliyyət “Kosmik fəaliyyət haqqında” qanun olmadan reallaşdırılması mümkün deyil. Bu qanunla bizim kosmik fəaliyyətimizin bizim dövlətimizin qoyduğu qanunlarla təmzimlənməsinə imkan yaradır”, - deyə “Azərkosmos” rəsmisi vurğulayıb.(Azərtac)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-08-2023, 15:39