mobil versiya

G20 sammitində Çin nümayəndələrində şübhəli avadanlıq aşkarlanıb


Nyu-Delhidəki hotelin təhlükəsizlik xidməti keçən həftə G20 sammitində iştirak edən Çin nümayəndələrində “şübhəli avadanlıq” aşkar edib.
Xarici KİV xəbər verir ki, insident sentyabrın 7-də Çin nümayəndə heyətinin sentyabrın 9-10-da keçiriləcək G20 sammitində iştirak etmək üçün qaldığı “Taj Palace” hotelində baş verib.
Sammitin qonaqlarından biri hotelə “qeyri-adi ölçülərdə çanta” ilə gəlib. Təhlükəsizlik xidməti diplomatik protokola uyğun olaraq onu içəri buraxıb.
Daha sonra hotel işçisi nümayəndə heyətinin otağında iki çantanın içərisində şübhəli avadanlıq görüb. O, təhlükəsizlik xidmətini xəbərdar edib, təhlükəsizlik işçiləri isə öz növbəsində Çin rəsmilərindən çantaları skanerdən keçirilməsinə icazə vermələrini istəyiblər, lakin onlar bundan imtina ediblər.
“Təhlükəsizlik işçiləri təxminən 12 saat otağın qapısının ağzında dayanıblar, lakin Çin nümayəndələri yoxlama üçün çantalarını verməkdən imtina ediblər. Uzun danışıqlardan sonra Çin nümayəndə heyəti çantaları [ÇXR] səfirliyə aparıb”, - deyə hadisənin şahidi bildirib.
Daha sonra ÇXR nümayəndə heyətinin digər üzvləri hotelə gəliblər və onlar baqajlarının skanerdən keçirilməsinə icazə veriblər.
Qeyd edək ki, G20 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi.
Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.


KARUSEL / DÜNYA
Tarix: 6-09-2023, 14:21