“Məhkəmə hakimləri 10 min manat maaş almalıdır” –ƏLİMƏMMƏD NURİYEV /MÜSAHİBƏ
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, Milli Məclisin sabiq deputatı, hüquqşünas Əliməmməd Nuriyev Azpost.info-ya müsahibə verib. Müsahibə maraqlı olduğundan "Reportyor.az" onu oxuculara təqdim edir.
-Dörd il əvvəl Azərbaycanda məhkəmə-hüquq sistemində dərin islahatlara başlanıldığı elan edildi. İslahatların nəticələri varmı və varsa, bunu necə qiymətləndirmək olar?
-2019-cu ilin 3 aprelində məhkəmə islahatları ilə bağlı Prezident İlham Əliyevin fərmanı oldu. Bu fərman hüquq-məhkəmə islahatlarının hansı istiqamətdə gedəcəyini müəyyənləşdirən “yol xəritəsi” idi. Fərmanla 40-a yaxın tədbirlər nəzərdə tutulmuşdu ki, islahatlar bununla məntiqi nəticəsini verməli idi. Fərmanın fəlsəfəsi ondan ibarət idi ki, məhkəmə-hüquq sistemində köklü dəyişikliklər baş versin, məhkəmələrə inam və etimad bərpa olunsun. Orada nəzərdə tutulan tədbirlərin bir çoxu artıq icra olunmaqdadır. Məsələn, ən vacib məsələlərdən biri Mülki Prosesesual Məcəlləyə dəyişikliklər idi. İstər Mülki Prosesesual Məcəlləyə, istərsə də İnzibati Mülki Məcəlləyə çox əhəmiyyətli dəyişikliklər edildi. Dəyişikliklər məhkəmələrə müraciətləri xeyli dərəcədə əlçatan etdi. Eyni zamanda, Prezidentin fərmanında kommersiya məhkəmələrinin yaradılması əsas məqsədlərdən biri kimi nəzərdə tutulmuşdu. Artıq 2020-ci ildən ölkədə kommersiya məhkəmələri fəaliyyət göstərir. Bu, bütövlükdə sahibkarlar üçün mühitin yaxşılaşdırılmasına, ölkəyə investisiya axınının güclənməsinə yönələn məsələdir. İndi hüquqi və fiziki şəxslərin məhkəmələrə əlçatanlığı yaxşılaşıb.
Hakimlərin ştat cədvəlinin artırılması prosesi baş verdi. Buna qədər hakimlərin icraatında çoxlu sayda işlər olurdu. Bəzi hallarda bir hakimin icraatına 150-200 iş düşürdü. Fiziki baxımdan bu, hakimlərə xeyli çətinliklər yaradırdı. Axı işlərə zamanında baxmaq məsələsi də var ki, hakimlərin azlığı işlərin baxılmasını uzadırdı. Eyni zamanda, dəlillərin araşdırılması çox vacib məsələdir ki, hakimlər az olduğu üçün fiziki çatdıra bilmirdi, sübutlar tam və obyektiv araşdırılmırdı. Ona görə də hakim ştatı 600-dən 800-dək artırıldı. Bununla da yeni hakimlərin təyinatı üçün 200 vakansiya çıxarıldı. Hakimlərin seçilməsi ilə bağlı şəffaf sistem qurulub. Bu da ədalət məhkəməsinin öz məqsədinə çatmasında mühüm rol oynayır.
Vahid məhkəmə sisteminin formalaşdırılması prosesi də getməkdədir. Əvvəllər oxşar işlərlə bağlı məhkəmələr tərəfindən müxtəlif xarakterli qərarlar qəbul olunurdu. Bu isə bir çox hallarda narazılıqlara gətirib çıxarırdı. Həmçinin qanunun tətbiqi baxımından xaosun yaranması baş verirdi. Ona görə də vahid məhkəmə sisteminin yaradılması vacib idi ki, oxşar işlərlə bağlı məhkəmələr eyni qərarlar versinlər. Düzdür, hakimlər qanunları və hüquq düşüncəsini rəhbər tuturlar. Amma burada ümumi məhkəmə praktikası lazım idi ki, yanlış qərarlar qəbul edilməsin. Bu istiqamətdə də Ali Məhkəməyə səlahiyyət verildi. Eyni zamanda, Ali Məhkəməyə monitorinq sisteminin yaradılması səlahiyyəti verildi. Bu da bütövlükdə ədalət məhkəməsi üçün vacib amildir.
Korrupsiya hallarının, qeyri-rəsmi münasibətlərin aradan qaldırılması istiqamətində addımlar atıldı. Bununla bağlı da Prezidentin fərmanında konkret tapşırıqlar var idi. Korrupsiya və rüşvətxorluqla bağlı şikayətlərin edilməsi üçün “qaynar xətt” yaradıldı. İndi qeyri-rəsmi münasibətlər, ehtimal olunan korrupsiya və rüşvətlə bağlı istənilən hüquqi və fiziki şəxslər, eyni zamanda, hakimlərin özləri, vəkillər və s. “qaynar xətt” vaxitəsilə yuxarı instansiyalara məlumat vermək, şikayət etmək imkanı qazandılar. Məsələn, məhkəmə tərəfləri hakimin, ittihamçının qanunsuz əməlləri ilə bağlı “qaynar xətt” vasitəsilə müraciətlərini edə bilərlər. Həmçinin hakimə hansısa vəzifəli şəxs qərarlarla bağlı təzyiqlər göstərirsə, hakimin özü də bu vasitə ilə şikayətini çatdıra bilər. Bu da hakimlərin qərarlarına təsir imkanlarını minumuma endirir.
Məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində də əməli addımlar atılıb, bu proses davam etməkdədir. Prezidentin fərmanında bu barədə normalar var idi. Məhkəmə aparatı işçilərinin, bütövlükdə məhkəmələrin maddi texniki bazası elə də yüksək səviyyədə deyildi. Həm hakimlərin əməkhaqlarının artırılması istiqamətində, həm də məhkəmə aparatı işçilərinin əməkhaqqının daha da yüksəldilməsi ilə bağlı mexanizmlər müəyyənləşdi. Mən deməzdim ki, bu sahədəki problemlər tam aradan qaldırıldı. Düşünürəm ki, ümumiyyətlə, hakimlərin sosial müdafiəsi istiqamətində islahatlar daha da dərinləşdirilməlidir. Təsadüfü deyil ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı 2020-2026-cı il nəzərdə tutulmuş tədbirlər sırasında dövlət sektorunda, o cümlədən məhkəmə sistemində çalışanların əməkhaqlarının mütəmadi artırılması nəzərdə tutulub. Hesab edirəm ki, hakim korpusunun əməkhaqları yüksək olmalıdır. Elə əməkhaqqı sistemi qurulmalıdır ki, maaşları elə miqdarda müəyyənləşməlidir ki, onlar yalnız ədalətli qərar vermək barədə düşünsünlər, başqa neqativ əməllərə əl atmasınlar.
-Sizcə, hakimlərin maaşları təxminən nə qədər olmalıdır?
-Düzdür, hakimlərin əməkhaqları bir misli qədər artırıldı. İndi hakimlər ortalama üç min manat civarında əməkhaqqı alırlar. Birinci instansiya məhkəməsi, apellyasiya məhkəməsi hakimləri bir qədər artıq, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi üzvləri onlardan bir qədər çox əməkhaqqı alırlar. Lakin düşünürəm ki, hakimlərin maaşı 8-10 min manat civarında olmalıdır. Şübhəsiz ki, bu məbləğ onların icraatlarında olan işlərə daha peşəkar baxmasına, daha ədalətli qərar qəbul etmələrinə stimul verəcək. Bununla həmçinin hakimlərin qeyri-rəsmi münasibətlər yaratmalarının, qeyri-formal qərarlar qəbul etmələrinin qarşısını alacaq. Yenə deyirəm, bu istiqamətdə addımlar atılıb, amma proses daha da dərinləşməlidir.
–Elektron məhkəmə sistemi yaradıldı. Bunun nəticələri varmı?
-Bu, çox vacib addım idi. Elektron məhkəmə sistemi birbaşa təmasları aradan qaldırır. Deyə bilərəm ki, artıq Azərbaycanda elektron məhkəmə sistemi tam fəaliyyətə başlayıb. Bu, həm məhkəməyə müraciət edən hüquqi və fiziki şəxslərin zaman itirməsinin qarşısını alır, həm də hakimlərin işləri daha sürətli aparmasına imkan yaradır. Eyni zamanda, qeyri-formal münasibətlərin qarşısı bunun vasitəsilə alınır. Bu gün istənilən şəxs məhkəmənin vaxtı, yeri, hakimlərin kimlər olacağı ilə bağlı suallarına elektron qaydada cavab alırlar. İddia ərizələri elektron şəkildə göndərilir, qərarlar elektron qaydada verilir və s. Bununla yanaşı, indi bütün məhkəmələrin qərarları, qərardadlar elektron məhkəmə sisteminə yerləşdirilir. Məhkəmə tərəfləri bu qərarlarla tanış olmaq imkanına malikdir. Bu, həm vahid məhkəmə praktikasının gücləndirilməsinə gətirib çıxarır, çünki həmin işlərə digər hakimlərin baxmaq imkanları olur, oxşar işlərdə bu praktikadan istifadə edə bilirlər.
-Vəkillik institutu ilə bağlı vəziyyət necədir?
-Ədalət məhkəməsinin mühüm tərəflərindən biri də vəkillik institutunun gücləndirilməsi, hüquqi yardıma çıxışın təminidir. Bu istiqamətdə də mühüm islahatlar gedir. Bu gün vəkillər korpusunun genişləndirilməsi davam edir. Bu gün Azərbaycanda 3 minə yaxın vəkil fəaliyyət göstərir ki, bu, yaxşı rəqəmdir. Bütövlükdə, keyfiyyətli hüquqi yardıma çıxış imkanları artırılıb. Vəkillərin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki imkanlarının artırılması istiqamətində mühüm addımlar atılıb. Nazirlər kabinetinin bu barədə müvafiq qərarı var. İndi dövlət tərəfindən ayrı-ayrı işlərə vəkillər təyin olunursa, bu zaman vəkillərin hər saatının pulu bir neçə dəfə artırıldı. Bu da təyinatla gələn vəkillərin işlərə obyektiv yanaşmasına fürsətlər yaradıb.
-Məhkəmə qərarlarının icrası nə yerdədir?
-Ədalət mühakiməsi o zaman başa çatır ki, məhkəmə qərarları icra olunur. Bunun üçün elektron icra institutunun yaradılması istiqamətində mühüm addım atılıb. Elektron icra mexanizmində qərarların icrasını daha aydın görmək, müşahidə etmək olur. İndi elektron icra mexanizmi ölkə məhkəmələrinin 60 faizini əhatə edir ki, bu istiqamətdə işlər davam etməkdədir. Düzdür, icra prosesi ilə bağlı narazılıqlar var. Amma narazılıqların aradan qaldırılması istiqamətində işlər görülür.
“Məhkəmələrlə bağlı streotiplərin dağılması üçün zaman lazımdır”
-Ən çox narazılıq Ali Məhkəmədən idi. Bir müddət əvvəl Ali Məhkəmənin sədri dəyişdi, bu postda keçmiş kənd təsərrüfatı naziri İnam Kərimov gətirildi. İnam müəllimin gəlişi ilə Ali Məhkəmədə nələr dəyişdi?
-İnam Kərimov çox peşəkar hüquqşünasdır. İnam müəllim bu posta gələnədək Ali Məhkəməyə yeni üzvlər təyin olunmuşdu. Bunlar Ali Məhkəmə və bütövlükdə məhkəmə sistemində islahatların sürətlənməsinə yeni imkanlar açdı. Bu gün Ali Məhkəmə tərəfindən kreativ addımlar atılır, yeni presedentlər yaranır. Ali Məhkəmə tərəfindən hüquq sisteminin inkişafı istiqamətində mühüm qərarlar qəbul edilib. Məsələn, ayrı-ayrı məsələlərlə bağlı bütün ölkə hüquqşünaslarına Ali Məhkəmə tərəfindən müraciətlər olunur, müzakirələr aparılır. Yəni ki, ictimai iştirakçılıq daha da genişlənməkdədir. Bu, əlbəttə, hüquq normalarının daha da təkmilləşdirilməsinə gətirib çıxarır. Hüquq ictimaiyyətinin rəyi öyrənilirsə, onların fikirləri qərarların qəbulunda nəzərə alınırsa, bu, şübhəsiz ki, qərarların keyfiyyətinə, ədalətliliyinə müsbət təsirini göstərir. Hesab edirəm ki, vətəndaş cəmiyyəti ilə də bu əlaqələr qurulmalıdır. Gördüyüm, müşahidə etdiyim ondan ibarətdir ki, bu istiqamətdə müəyyən addımlar atılır. Əminəm ki, yaxın vaxtlarda Ali Məhkəmə üzvləri ilə vətəndaş cəmiyyəti nümayəndələrinin böyük görüşü baş tutacaq. Çünki İnam Kərimov hər zaman, Ali Məhkəmənin sədrliyindən qabaqkı vəzifələrində də vətəndaş cəmiyyəti ilə əlaqələr qurmağı özünün prioriteti sayırdı.
Əlbəttə, bu gün məhkəmə-hüquq sistemində dəyişikliklər davam etməkdədir. Deyə bilərəm ki, Prezidentin 2019-cu ildə imzaladığı fərman öz müsbət nəticələrini verir. İnsanlarda məhkəmə-hüquq sisteminə inam, güvən getdikcə artır.
-Amma narazılıqlar da kifayət qədərdir…
-Təbii ki, islahatların bəhrəsini görmək üçün zaman lazımdır. Bizim maksimal tələblərimiz ondan ibarətdir ki, dərhal nəticə olsun. Lakin anlamaq lazımdır ki, dəyişikliklər, islahatlar nəticəsini bir müddətdən sonra göstərəcək. Bu gün Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin, birinci instansiya məhkəmələrinin qərarları ilə bağlı müsbət fikirlər eşidirəm. Bu gün həqiqətən də hakimlər korpusunda keyfiyyət dəyişiklikləri baş verməkdədir. Bir sözlə, müsbət tendensiyalar var. Amma bu dəyişikliklər davamlı olmalıdır.Məhkəmələr vətəndaş cəmiyyəti ilə əlaqələrini daha da dərinləşdirməlidirlər. Məhkəmələrin fəaliyyətinin monitorinqinin bu istiqamətdə ixtisaslaşmış QHT-lər tərəfindən həyata keçirilməsinə dəstək verilməlidir. Yenə deyirəm, məhkəmə-hüquq islahatları çətin, mürəkkəb islahatlardır, zaman tələb edir. Əsas prosesin başlamasıdır.
“Ölkədə məhkəmə sistemini inqilabi yolla dəyişmək mümkün deyil”
-Zaman-zaman məhkəmələrin müstəqilliyi ilə bağlı iradlar səslənir. Eyni zamanda, Vəkillər Kollegiyası tərəfindən vəkillərə təzyiqlərin edilməsi iddiaları var. Bu iradlar və iddialarda həqiqət payı nə qədərdir?
-Prezidentin islahatlarla bağlı fərmanı da bu iradların aradan qaldırılmasına yönələn məsələləri özündə ehtiva edir. Bu sahədə də dinamika müşahidə edilməkdədir. Amma biz unutmamalıyıq ki, məhkəmədə iki tərəf var və qərarlardan sonra tərəflərdən biri mütləq narazı qalır. İddiası təmin olunmayan tərəf əlbəttə, məhkəmənin qərarını ədalətsiz sayacaq, narazı qalacaq. Dünyanın heç bir yerində tərəflərdən hər ikisi qərardan razı qala bilməz. Əsas sual odur ki, cəmiyyət məhkəmə tərəfindən verilən qərarları obyektiv və ədalətli hesab edirmi? Düşünürəm ki, biz bu istiqamətdə müsbət irəliləyişləri görürük. Amma islahatların nəticəsi üçün zaman mütləq lazımdır. Bizim cəmiyyətdə məhkəmələrlə bağlı streotiplərin dağılması üçün inqilabi addımlar lazımdır. Lakin məhkəmə-hüquq sistemindəki islahatlarla bağlı birdən-birə inqilabi fəaliyyətlər mümkün deyil. Burada şərait, dünyagörüşü məsələsi, sosial təminat məsələsi və s. var ki, bunlar kompleks şəkildə həllini tapmalıdır.
Vəkillər Kollegiyasının vəkillərə təzyiqləri, onların fəaliyyətini məhdudlaşdırması barədə deyilənlərin hamısı ilə razı deyiləm. Bu gün Vəkillər Kollegiyası tamamilə yenilənir. Vəkillik institutunda əhamiyyətli islahatlar aparılıb və bu, davam edir. Hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi, vəkillərlə bağlı kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verir. Vəkillərin bilik və bacarıqlarının artırılması ilə bağlı bir çox layihələr həyata keçirilir. Vəkillər bu gün cəmiyyətin müxtəlif seqmentləri ilə kommunikasiyalar qururlar. Xüsusilə, Kollegiyanın rəhbəri Anar Bağırov tərəfindən pozitiv addımlar atılmaqdadır. Bu gün vəkillərimizin beynəlxalq əlaqələri də genişlənir. Düzdür, müəyyən nöqsanlar var, amma onların da aradan qaldırılmasında addımların səmimi şəkildə atıldığına inanıram.
KARUSEL / CƏMİYYƏT
Tarix: 11-10-2023, 12:20