Azərbaycan XİN başçısı İrəvana gedə bilər – Abdullahiyandan açıqlama
Ümid edirəm ki, xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşləri Bakıda və İrəvanda keçiriləcək.
“AzPolitika.info” “Mehr” agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan xarici işlər nazirlərinin Tehranda keçirilən “3+3” formatında görüşündən sonra deyib.
“Tehran görüşündə Cənubi Qafqazda sülh, əməkdaşlıq və tərəqqi müzakirə olunub və danışıqlarımız görüşün məzmunu və bəyanatın mətni üzərində cəmlənib. Ümid edirəm ki, Türkiyədə keçiriləcək növbəti görüşdən sonra bu görüşlər Bakıda və İrəvanda davam etdiriləcək”, - nazir deyib.
İran XİN rəhbərinin sözlərinə görə, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin bu görüşdə iştirakı bu iki ölkə arasında sülh və dostluğa doğru irəliləyişdən xəbər verir: “Ümid edirik ki, biz mümkün qədər tez müddətdə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasının şahidi olacağıq".
Xatırladaq ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “3+3” formatında keçirlən görüş çərçivəsində bir araya gəlib. Bu haqda Ermənistan Xarici İşlər Nazirliyi mətbuat katibi Ani Badalyan yerli mətbuata deyib. O qeyd edib ki, bu cür platformalar üçün qeyri-rəsmi müzakirələr adi haldır.
KARUSEL / GÜNDƏM
Tarix: 24-10-2023, 16:31