mobil versiya

"Azərbaycan regiona sülh gətirmək üçün böyük səylə işləyir" - Jin-pyo Kim


Milli Məclisin sədri Sahibə Qafarova Koreya Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 1-də bu ölkənin Milli Assambleyasının sədri Jin-pyo Kim ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir ki, Jin-pyo Kim bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Koreya Respublikasının Azərbaycanın müstəqilliyinin ilk günlərindən sıx əlaqələr qurduğu ölkələrdən biri olduğu vurğulanıb, ikitərəfli münasibətlərin inkişafında siyasi təmasların - yüksəksəviyyəli səfərlərin, görüşlərin müstəsna rolu qeyd edilib.
Bildirilib ki, ölkələrimiz arasında münasibətlərdə iqtisadi əməkdaşlıq mühüm yer tutur. Azərbaycan Cənubi Qafqaz regionunda Koreyanın əsas ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi durmadan artır, lakin iqtisadi əməkdaşlığı daha da gücləndirmək və şaxələndirmək üçün böyük potensial mövcuddur.

Görüşdə Azərbaycanın qeyri-neft sektorunun daha da inkişafı ilə bağlı planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, Azərbaycanın su təchizatı sistemlərinin inkişafı, ölkəmizin bərpaolunan enerji sahəsində həyata keçirdiyi proqramlar və bu sahələrdə Koreya şirkətlərinin iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, ölkələrimiz arasında müxtəlif formatlarda qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı imkanlar var. Ölkələrimiz ənənəvi format və təşkilatlar ilə yanaşı, yeni əməkdaşlıq formatlarında da birgə fəaliyyət göstərə bilər. Sahibə Qafarova mədəni oxşarlıqlara və dil yaxınlığına görə Koreya Respublikasının Türk Dövlətləri Təşkilatı ilə tərəfdaş ölkə kimi əməkdaşlığının mühüm nəticələrin əldə olunmasına gətirib çıxara biləcəyinə inamını ifadə edib.

Söhbət zamanı humanitar istiqamətlərdə əlaqələrin əhəmiyyəti vurğulanıb, təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Hazırda Koreyada 200-ə yaxın azərbaycanlı tələbənin təhsil aldığı, Azərbaycan və Koreya universitetləri arasında müxtəlif beynəlxalq tələbə mübadiləsi və ikili diplom proqramlarının mövcud olduğu diqqətə çatdırılıb.
Həmçinin nəqliyyat sahəsində əməkdaşlıq imkanları da nəzərdən keçirilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit ölkə kimi mühüm rolu artmaqdadır. Zəngəzur dəhlizinin açılması ilə bu axın daha da genişlənəcək. Sahibə Qafarova Koreya şirkətlərinin bu imkanlardan istifadə edə biləcəklərini vurğulayıb.
Görüşdə parlamentlər arasında əməkdaşlıq, son 2 ildə bu istiqamətdə intensivliyin artması müsbət hal kimi qiymətləndirilib və bu sahədə münasibətlərin daha da genişləndirilməsinə dair müzakirələr aparılıb.
S. Qafarova regionda mövcud olan vəziyyət, Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində öz torpaqlarını Ermənistanın işğalından azad etməsi, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri, cari il sentyabrın 19-20-də Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə geniş məlumat verib.
Milli Assambleyanın sədri Jin-pyo Kim beynəlxalq hüquqa əsaslanmağın vacibliyini vurğulayaraq deyib ki, Azərbaycan regiona sülh gətirmək üçün böyük səylə işləyir. O, bu səylər nəticə verəcəyinə və Azərbaycanın sülhün əldə edilməsinə nail olacağına ümid etdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da inkişaf etdirilməsi yollarına dair müzakirələr aparılıb.
Sonra Azərbaycan parlamentinin nümayəndə heyəti Milli Assambleyanın inzibati binası ilə tanış olub.

KARUSEL / SİYASƏT
Tarix: 1-11-2023, 13:30