“Daşkəsən Dəmir Filiz” MMC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi işə başlayıb
Daşkəsən rayonunda yerləşən, regionun ən nəhəng dəmir filizi yataqları kompleksinin idarəedilməsi məqsədilə fəaliyyət göstərən “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyəti Cəmiyyətinin (“DDF” MMC) nəzdində təsis edilmiş Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi öz işinə başlayıb.
Belə ki, ilk öncə “DDF” MMC-nin baş direktoru Ceyhun Əliyev, MMC-nin baş direktor müavini, KSM Komitəsinin sədri İlqar Cəlilov, Daşkəsən Rayonu İcra başçısının müavini Vüqar Əhmədov, eləcədə Daşkəsən Rayonu İcra Hakimiyyətinin (DRİH) aidiyyəti əməkdaşları və “DDF” MMC-nin KSM komitəsinin üzvlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Cəmiyyət tərəfindən icra edilən və planlaşdırılan hasilat və istehsalat fəaliyyəti ərzində sosial məsuliyyətin idarəedilməsi və sosial təsirlərin minimuma endirilməsi, ən əsası isə yerli əhali ilə əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğu vurğulanıb, bu istiqamətlərdə həm cari ilin sonunadək, həm də 2024-cü il üzrə fəaliyyət planları və təkliflər müzakirə edilib. Qeyd edilib ki, Cəmiyyətin fəaliyyətinin yaxın illərdə aktiv fazaya keçməsi ilə bağlı KSM Komitəsi tərəfindən icra ediləcək layihələrin miqyası, əhatə istiqamətlərinin genişləndiriləcəyi də planlaşdırılır.
“DDF” MMC-nin KSM Komitəsinin sədri sosial məsuliyyət siyasətindən, MMC-nin fəaliyyətinin bütün faza və istiqamətlərinin bu siyasətin tələblərinə uyğun şəkildə icra ediləcəyi haqda bəhs edib. Öz növbəsində, V.Əhmədov regionda sosial fəaliyyətin effektiv şəkildə idarəedilməsi istiqamətində iki qurum arasında əməkdaşlığın vacibliyini vurğulayaraq, bu fəaliyyətlərin nəticəsini bölgənin ümumi rifahına töhfə verə biləcəyinə inandığını qeyd edib.
Daha sonra, KSM Komitəsinin nümayəndələri “DDF” MMC-nin Daşkəsən rayonunda yerləşən inzibati binasında yerli əhali ilə görüşüb. Görüş zamanı KSM Komitəsinin üzvləri tərəfindən yerli əhali, şəhid ailələrinin üzvləri və qaziləri maraqlandıran mövzulara toxunuldu, əhalini narahat edən suallar cavablandırıldı və gələcək fəaliyyət və planlar qarşılıqlı müzakirə edilərək, əhali tərəfindən gələn təkliflər dinlənildi və qeydə alındı.
İlk görüşün nəticəsi olaraq, cari ilin sonunadək ötən illərin statistikası və cari ilin sorğuları nəzərə alınaraq “DDF” MMC-nin sahəsində olan tikililərin sökülməsindən əldə edilən yararlı tikinti materiallarının, eləcə də MMC-nin fəaliyyəti nəticəsində əmələ gələn qum, çınqıl, taxta materialları, dam örtük materiallarının Daşkəsən rayonunda yaşayan aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərə, o cümlədən müraciətlər əsasında rayon ərazisində aidiyyəti üzrə abadlıq və təmir bərpa işlərinin görülməsi məqsədi ilə DRİH rəsmi məktubla müraciəti əsasında verilməsi qərara alındı.
Görüş çərçivəsində KSM fəaliyyətinin həm əhali, həm Cəmiyyətin üçün səmərəli şəkildə təşkili üçün komitə üzvlərinin Daşkəsən rayonunda vətəndaşlarla görüşlərinin mütəmadi, aylıq əsaslarla keçiriləcəyi də qərara alınmışdır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-11-2023, 16:36