Bu ölkədə nazirlər yoxa çıxırlar
Qərb və Rusiya mətbuatında Çinin xarici işlər naziri Tsin Qanın öldüyü barədə məlumatlar yayılıb. İlkin ehtimallara görə, o ya işgəncə nəticəsində ölüb, ya da özünə qəsd edib. Bu Çində siyasi xadimlərdən birinin növbəti müəmmalı ölüm faktıdır. Bundan əvvəl keçmiş baş nazir Li Ketsyanın evində cansız bədəni aşkarlanmışdı.
Tsin Qan çox az müddət ərzində xarici işlər naziri vəzifəsində çalışıb, onu 2023-cü ilin yayında qəfil istefaya göndəriblər. O istefadan əvvəl yox çıxmış, onun iştirakı ilə nəzərdə tutulan bir sıra rəsmi görüş ləğv olunmuşdu. “Politico” nəşrinin yazdığına görə, Tsin Qan vaxtilə ölkə lideri Tsi Cinpinin tərəfdarı idi. Tsi Cinpin 2014-2018-ci illərdə xarici siyasət məsələlərini və xarici həmkarlarıyla görüşlərini Tsin Qanla razılaşdırırdı. Tsi Cinpin Tsin Qanı 2021-ci ildə ABŞ-a səfir təyin edib, cəmi 6 ay sonra onu Vaşinqtondan Pekinə çağıraraq xarici işlər naziri vəzifəsinə gətirib. Ancaq onun nazirlik müddəti çox çəkməyib. Tsi Cinpin Tsin Qanı istefaya göndərdikdən sonra keçmiş xarici işlər naziri Van Yini yenidən köhnə vəzifəsinə qaytarmaq məcburiyyətində qalıb. Bəs nə baş verdi ki, böyük ümidlər bəslənilən Tsin Qan qısa müddətdə istefaya göndərildi?
Qərb mətbuatının yazdığına görə, Tsin Qanın Böyük Britaniyada təhsil alan çinli xanım tələbədən nigahdankənar övladı olub. Doğulan körpənin isə ABŞ vətəndaşlığı barədə xəbərlər yayılıb. Bu xəbərin yayılması Pekində qalmaqala səbəb olub. Ona görə də Çin rəhbərliyi Tsin Qanın siyasi karyerasına son qoymağa qərar verib. Bununla yanaşı “Politico” nəşri Tsin Qanın ölkənin keçmiş hərbi rəhbərliyi ilə korrupsiya əlaqələri barədə də xəbər yayıb. Tsin Qandan sonra Çinin müdafiə naziri və bir çox güc naziri də istefaya göndərilib. Yüksək rütbəli hərbçilər korrupsiya əməllərindən günahkar biliniblər. Onları da sakitcə vəzifələrindən uzaqlaşdırıblar. Bundan sonra keçmiş müdafiə naziri Li Şanfu da yoxa çıxıb. Onun sonrakı taleyi barədə məlumat yoxdur. Daha bir şübhə ondan ibarətdir ki, Çinin keçmiş nazirləri ölkənin nüvə silahları və raket qüvvələri haqqında məxfi məlumatları Qərb ölkələrinin kəşfiyyat xidmətlərinə ötürürmüşlər.
Qərb ekspertləri Çində baş verən müəammalı ölümlərin hakimiyyətdə təmsil olunan digər siyasi xadimləri qorxutduğunu bildirirlər. Hakimiyyətin siyasi kursu ilə razılaşmamaq təhlükəlidir.
“Atlas” Araşdırmalar Mərkəzi
KARUSEL / DÜNYA
Tarix: 7-12-2023, 13:18