DSX xidməti-döyüş fəaliyyətinin yekunlarına dair müşavirə keçirilib
Dekabr ayının 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2023-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib.
DSX-nin Mətbuat mərkəzindən bildirilib ki, müşavirədə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş möhtəşəm tədbirlər nəticəsində 2023-cü ilin dövlətçilik tariximiz üçün müstəsna əhəmiyyət daşıması və ərazi bütövlüyümüzün tam bərpa edilməsi ilə əlamətdar olması xüsusi vurğulanıb.
Bu nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin ardıcıl reallaşdırılması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqəti sayəsində əldə edilməsi qeyd edilib.
Cari ilin avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin DSX Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə kompleksində yaradılmış şəraitlə tanış olmasının, Dövlət Sərhəd Xidmətinin 2 zabitini "general-mayor" ali hərbi rütbəsinə layiq görməsinin, göstərdikləri igidliyə və şücaətə, xidmətdə fərqləndiklərinə görə DSX əməkdaşlarını orden və medallarla təltif etməsinin şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığı qeyd edilib.
Tədbirdə Prezident İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsi qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi bildirilib. Ölkə ərazisində erməni separatçılığına son qoyulması üçün həlledici əhəmiyyət kəsb edən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması ilə yekunlaşan unikal əməliyyatın keçirilməsi, eləcə də lokal xarakterli antiterror əməliyyatında DSX-nin döyüş tapşırıqlarının tam həcmdə yerinə yetirilməsi ciddi nailiyyətlər sırasında xüsusi olaraq vurğulanıb. O cümlədən 2023-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş əsas nailiyyətlər sırasında:
- iyunun 15-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan sərhədçinin yaralanmasına səbəb olan düşmən təxribatına cavab olaraq düşmən snayperlərinin, döyüş postunun və dislokasiya məntəqəsinin zərərsizləşdirilməsi;
- dövlət sərhədini pozduqlarına görə 489, sərhəd rejimini pozduqlarına görə 10 689, axta¬rışda olan 3609, saxta sənədlərlə 252, özgəsinə məxsus sənədlə 4, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd edən 4 nəfərin sərhədçilərin sayıqlığı nəticəsində saxlanılması;
- ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfərin müəyyən edilməsi, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 7 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21, qaçaqmalçılıqla məşğul olan 3, qeyri-qanuni miqrasiya ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi;
- il ərzində 2 ton 95 kiloqram 338 qram narkotik vasitənin, 51 milyon 14 min 753 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması, 36 ton 222 kiloqram narkotik xassəli bitkinin məhv edilməsi;
- işğaldan azad edilmiş ərazilərdə 150 kilometr məsafədə yeni yolların çəkilməsi, 354 kilometr yolların əsaslı təmir olunması, 7,1 kilometr məsafədə hərəkət təhlükəsizliyi üçün xüsusi valların salınması;
- 2661 hektar ərazinin mina və partlamamış sursatlardan təmizlənməsi, 1598 ədəd piyada, 1763 ədəd tank əleyhinə mina, 518 ədəd partlamamış hərbi sur¬satın zərərsizləşdiriməsi qeyd edilib.
Hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə rəhbərlərinin məruzələri dinlənilib, struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilib, 2024-cü ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılıb.
Azərbaycan sərhədçilərinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin hər bir tapşırığını böyük şərəf və qürurla icra etməyə hazır olmaları xüsusi vurğulanıb.
Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.
KARUSEL / CƏMİYYƏT
Tarix: 14-12-2023, 17:33