mobil versiya

Çində əhalinin sayı 2 milyon nəfər azalıb



Çində 2023-cü ildə əhalinin sayı əvvəlki illə müqayisədə 2,08 milyon nəfər azalaraq 1 milyard 409 milyon nəfərə düşüb.
Bu barədə Çinin Dövlət Statistika Bürosu açıqlama yayıb. Ötən il Çində 9,02 milyon doğum və 11,1 milyon ölüm qeydə alınıb. Əhalinin hər min nəfərinə artım 1,48 nəfər olub. Bu rəqəm nəinki əhali sayının artımına, heç sabit saxlanılması üçün də yetərli deyil. Ötən il Çində şəhər yerində yaşayanların sayı artaraq, əhalinin 66,16 faizini təşkil edib.
Büro ötən ilin sonuna ölkədə 720,32 milyon kişi, 689,35 qadın olduğunu açıqlayıb. Ölkədə məşğulluq yaşındakı əhalinin (16-60 yaş arası) sayı 864,81 milyon nəfər təşkil edib ki, bu da ümumi əhali sayının 61,3 faizi deməkdir.
Çində demoqrafik böhranın digər məqamı isə əhalinin qocalması, yəni yaşlı insanların ümumi əhali sayındakı payının çoxalmasıdır. Ötən ilin sonuna yaşı 60-dan çox olanların sayı 296,97 milyon nəfər (21,1 faiz), 65-dən yuxarı olanların sayı isə 216,76 milyon nəfər (15,4 faiz) təşkil edib. BMT-nin rəyinə əsasən, yaşı 65-dən yuxarı olanların sayı ümumi əhalinin sayının 14 faizindən çoxunu təşkil edərsə, həmin cəmiyyət "yaşlı cəmiyyət", bu rəqəm 20 faizdən çox olarsa "super yaşlı cəmiyyət" kimi xarakterizə olunur.
Qeyd edək ki, uzun illər dünyanın ən çox əhalisi olan ölkə ünvanını daşıyan Çində 2022-ci ildən əhali sayında azalma başlayıb. Bu, 1961-i ildən sonra ölkədə əhalinin sayında ilk azalma kimi qeydə alınıb. Ötən ilin əvvəlində isə Çin dünyanın ən çox əhali sayına sahib ölkə ünvanını Hindistana verib. Ekspertlər hesab edir ki, hazırki azalma tendensiyası davam edərsə, 2080-ci ildə Çin əhalisinin sayı 1 milyarda, 2100-cü ildə isə 800 milyona qədər azalacaq.
Əhalinin azalmanın əsas səbəbi gənclərin nikaha gec daxil olması və ya ailə qurmaqdan imtina etməsidir. Ekspertlər nikahın gecikdirilməsini gənclərin ailə dəyərlərinə münasibətinin dəyişməsi, evlilik xərclərinin yüksək olması və digər sosial, psixoloji amillərlə əlaqələndirirlər. Son statistik məlumatlara əsasən, Çində nikahların sayı ildən-ilə azalır. 2022-ci ildə nikahların sayı 2013-cü ildəkinə nisbətən 55,9 faiz azalıb. Çində orta nikah yaşı 2010-cu ildə 24,89 təşkil edirdisə, 2020-ci ildə bu rəqəm 28,67 olub.(azərtac)

KARUSEL / DÜNYA
Tarix: 17-01-2024, 15:07