Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb

Yanvarın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə slovakiyalı qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək xatirələrinə ehtiram nümayiş etdiriblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil edilib. Müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Azərbaycanla Slovakiya arasında hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən R.Kalinak ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası ilə əlaqədar azərbaycanlı həmkarını təbrik edib. Regionun ən güclü ordularından biri olan Azərbaycan Ordusu ilə qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, eləcə də müasir döyüş əməliyyatlarının öyrənilməsinin vacibliyini bildirib. Bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.
Sonda Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 18-01-2024, 17:46