mobil versiya

Dehli Rusiyadan neft, Amerikadan silah alır



Dehli Rusiyadan neft, Amerikadan silah alır.
Hindistanda aprel və may aylarında parlament seçkilər keçiriləcək. Hindistanın baş naziri Narendra Modi hakim “Bharatiya Janata” Partiyasının qurultayındakı çıxışında ölkəsinin beynəlxalq aləmdə mövqelərini gücləndirəcəyini vəd edib. Modi qələbəsinə əmindir. “Bharatiya Janata” Partiyası 2014-cü il seçkisindən bu yana hakimiyyətdədir. Bu patiya 542 nəfərlik parlamentdə 323 mandata sahibdir. 
Dehli bundan sonra da həm Qərb, həm də Rusiya ilə əməkdaşlığını davam etdirmək istəyir. Seçkinin aprel və may aylarında keçirilməsinə baxmayaraq, Modi iyul, avqust və sentyabr aylarında müxtəlif dövlətlərə dəvətlidir. Belə çıxır ki, onu dəvət edən dövlətlər də Modinin parlament seçkisinsə qələbəsinə əmindirlər. Münhen Təhlükəsizlik Konfransında iştirak edən Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar “necə olur ki, Dehli Rusiyadan neft, eyni zamanda ABŞ-dan hərbi texnika alır” sualına belə cavab verib ki, bu ölkəsi üçün problem deyil. Dehli son illərdə ərəb ölkələri ilə də əməkdaşlığı genişləndirib. 
Dehlinin Rusiyadan neft almasına baxmayaraq, Hindistan hərbi əməkdaşlıq məsələlərində Qərb ölkələrinə üstünlük verməyə başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin Donanma Baş Komandanı David Isom Hindistanın ABŞ və onun bütün digər tərəfdaşları və müttəfiqləri ilə əməkdaşlıqda çox mühüm rol oynayacağını vurğulayıb. David Isom bildirib ki, Hindistan bu beynəlxalq ortaqlıqların qorunmasında həqiqətən mühüm rola malikdir. “Münasibətlər böyüməyə davam edir” deyən yüksək rütbəli amerikalı hərbçi ölkəsinin bölgədə Avstraliya ilə də əməkdaşlığını genişləndirdiyini bildirib. 
Bu arada, Avstraliya Hərbi Hava Qüvvələrinin rəisi hava marşalı Robert Çipman Hindistan-Avstraliya əlaqələrinin zamanla daha da güclənəcəyini vurğulayıb. O Hind-Sakit Okean haqqında danışarkən, bölgədə gərginlik artdığı üçün Çini  çəkindirmənin təmin edilməsinin vacibliyini bildirib. 
Dehlinin önəm verdiyi digər istiqamət Avropadır. Hindistan və Avropa İttifaqı prioritetlər siyahısında birinci yerdə olan ticarət, turizm və müdafiə ilə əlaqələrini dərinləşdirib. Dehlidə keçirilən Raisina Sammitində çıxış edən Avropa İttifaqı Xarici Fəaliyyətlər Xidmətinin baş katibi Stefano Sannino Hindistanla əlaqələri yüksək qiymətləndirib. Sannino bildirib ki, Dehlidəki görüş və müzakirələrin əsas məqsədi iki tərəfin əməkdaşlığını necə inkişaf etdirə və dərinləşdirə biləcəyini müəyyənləşdirməkdir. “Biz azad ticarət sazişi, Hindistan və Avropa İttifaqı arasında investisiya mübadiləsi və dəniz sektoru da daxil olmaqla bir sıra sahələr üzərində işləyirik” deyib Sannino. Avropalı diplomat həmçinin bildirib ki, Avropa İttifaqı üçün Rusiyanın Ukraynaya təcavüzü ekzistensial təhlükədir. “Rusiya postsovet məkanında təsirini bərpa etməyə çalışır” deyən Sannino Avropa Birliyinin Çinlə münasibətlərini idarə etmək üçün Brüsselin strategiyasının hazırlandığını xatırladıb: “Çin rəqibdir və Pekini iqtisadi layihələrdə siyasi müdaxilələrdən çəkindirməyə çalışırıq. Biz iqtisadiyyatımızda riskləri azaltmaq və Çindən asılılığını azaltmaq istəyirik”.
Hindistan xarici siyasətlə yanaşı hərbi gücünün artırmasını da diqqət mərkəzində saxlayır. Buna misal olaraq Dehlinin Hindistanın silahlı qüvvələrinin modernləşdirilməsi və təchiz edilməsi üçün dəyəri 11 milyard dollardan çox olan bir neçə sazişi təsdiqləməsini göstərmək olar. “The Economic Times” qəzetinin məlumatına görə, bu sırada Hindistan Hərbi Dəniz Qüvvələrinə 200-dən çox uzaq mənzilli səsdən sürətli qanadlı raketlərin tədarükü də daxildir. 

“Atlas” Araşdırmalar Mərkəzi


KARUSEL / DÜNYA
Tarix: 28-02-2024, 12:42