mobil versiya

FHN-dən kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət



Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən respublikada yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, ölkədə kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar baş vermiş yanğınların nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili göstərir ki, sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibət və ya məsuliyyətsiz davranış sonda yanğınlara, acı nəticələrə gətirib çıxarır.
Belə ki, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, mal-qaranın qidalandırılması üçün kənd yerlərində həyətyanı sahələrdə və fermer təsərrüfatlarının ərazilərində ot və ya küləş tayalarının yığıldığı məkanların yaxınlığında açıq alovdan istifadə, o cümlədən siqaret çəkilməsi, alışqan və ya kibritin yandırılması tezalışan xassəyə malik ot və ya küləşin anidən alovlanmasına, ağır zəhmət və böyük əziyyət bahasına başa gəlmiş məhsulun məhvinə səbəb olur. Ot tayalarında başlayan yanğının həm də çox qısa vaxtda yaxınlıqdakı tikililərə keçmə və beləliklə, böyük faciələrə səbəb olma riski yüksək olur.
Belə ki, yalnız ötən 10 gün ərzində kənd və qəsəbələrdə 44 belə yanğına çıxış qeydə alınıb, nəticədə 50 tona yaxın ot, 1200 kvadratmetrə yaxın tikili yanıb.
Yalnız FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənlərinin gərgin əməyi və səriştəli fəaliyyəti sayəsində bu kimi yanğınların geniş ərazilərə yayılmasının qarşısının alınması mümkün olur.
Qeyd olunanları nəzərə alaraq, FHN kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən ot və ya küləş tayalarının yerləşdiyi məkanların yaxınlığında açıq alovdan qəti şəkildə istifadə etməməyə çağırır.






KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-03-2024, 12:09