mobil versiya

Ölkənin ikinci böyük elektrik stansiyası təmir edilir



Enerji effektivliyinin artırılması, atmosferə atılan karbon emissiyasının azaldılması, yeni yaradılan bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasının balanslaşdırılması, ölkənin enerji sisteminin etibarlılığının və dayanıqlılığının qorunaraq möhkəmləndirilməsi üçün ölkənin ikinci böyük elektrik stansiyası olan, Şüvəlan qəsəbəsində yerləşən 800 meqavatlıq “Şimal” Elektrik Stansiyasında reqlament üzrə təmir-təftiş işləri aparılır.
"Azərenerji"dən bildirilib ki, texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılması və istismar səviyyəsinin yüksəldilməsi üçün analoji proses 2021-ci ildə 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasında da həyata keçirilmişdi və hazırda 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasında kompleks təmir işləri görülür.
Qaz turbinində, generatorda, transformatorlarda, ötürmə xətlərində, idarəetmə və təsirlənmə sistemlərində aparılan təmir-təftiş işlərini “AzərEnerji”nin “Şimal” Elektrik Staniyasının və “Enerjiservis” MMC-nin mütəxəssisləri ilə yanaşı istehsalçı “Mitsubishi Power Europe, Ltd.” şirkətinin mütəxəssisləri həyata keçirir. Yeni texnologiyaların və əlavə rəqəmsal avadanlıqların tətbiqi nəticəsində stansiyanın səmərəliliyi daha da yüksələcək.
Bununla da əvvəllər hər kilovat-saata görə təqribən 220-222 qram şərti yanacaq sərf edilirdisə, indi bu rəqəm hər kilovat-saata görə 215-216 qrama qədər düşəcək, üstəlik təbii qaza qənaət edilməklə yanaşı, karbon emisiyasın azalmasına səbəb olacaq.
Paralel olaraq, “Şimal-2” Elektrik Stansiyasının dənizə geri buraxılan soyutma suyunun üzərində yaradılan kiçik su elektrik stansiyasında da “AzərEnerji” tərəfindən qrafikə uyğun təmir işləri aparılır. Sonda onu da qeyd edək ki, ümumilikdə “Şimal” Elektrik Stansiyası ölkədəki istilik elektrik stansiyaları arasında ən yüksək faydalı iş əmsalına malik olan stansiyadır və bu stansiya 57% faydalı iş əmsalına görə Cənubi Qafqaz regionunda ilk yerdə qərarlaşıb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-05-2024, 12:24