Atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda kişilər arasında 25 metr məsafəyə tapançadan sürətli atəş açma növündə final mərhələsi keçirilib.
Fransalı Klemen Besua 25 dəqiq atışla bürünc medal qazanıb.
“Qızıl” uğrunda mübarizədə çinli Xinjie Vanq və çexiyalı Martin Podraski münasibətlərinə aydınlıq gətirib.
Maraqlı keçən duelin əsas mərhələsində dəqiq atışların sayı (32) bərabər olduğundan, əlavə 5 atışa ehtiyac duyulub. Həlledici mərhələdə Podraski hədəflərin hamısını dəqiq nişan alaraq karyerasında 5-ci dəfə qızıl medalın sevincini yaşayıb. Vanq yarışı gümüş mükafatla başa vurub.
Mübarizə başa çatandan dərhal sonra Podraski təəssüratlarını bölüşüb: “Bu, Bakıda əldə etdiyim ilk mükafatdır. Təbii ki, sevinirəm. Bu mərhələdə təcrübə çox önəmlidir. İndiyə qədər bir çox finallarda iştirak etmişəm. Bugünkü finalda ən yaşlı atıcı mən idim. Fikrimcə, “qızıl” qazanmağımda təcrübə böyük rol oynadı. Həm şəxsim, həm də ölkəmin adına bu cür nəticəyə imza atmaq qürurvericidir. Bugünkü dəqiq atışlarımın sayı həm də Çexiya atıcılıq tarixi adına yeni rekord idi. Atəş meydanları haqda ən xoş sözləri deyə bilərəm. Həm mərkəzin özü, həm yaradılan şərait, həm də finallar zamanı vacib rol oynayan işıqlandırma sistemi kifayət qədər yaxşıdır. Bakı Atıcılıq Mərkəzi dünyanın ən yaxşı qurğularından biridir”.
KARUSEL / İDMAN
Tarix: 8-05-2024, 15:51