Ölkəyə 61 kiloqram narkotik maddə gətirənlər saxlanılıb
Polis əməkdaşları ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Astara rayonunda keçirilən növbəti tədbir zamanı rayonun Sım kəndində yaşayan Xətai Xalıqov və qohumu Afşin Salayev saxlanılıb. Onlardan və X.Xalıqovun idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 61 kiloqram marixuana və narkotiklərin qanunsuz dövriyyəsində istifadə etdikləri 4 bank kartı aşkarlanıb.
Araşdırmalarla müəyyənləşdirilib ki, saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik maddələrin gətirilməsini təşkil edib və marixuananı Sım kəndi ərazisində əldə edib. Onlar maddi qazanc əldə etmək məqsədi ilə həmin narkotikləri ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 13-05-2024, 17:44