mobil versiya

Ölkəyə qanunsuz yollarla 91 kiloqram narkotik vasitə gətirən iki nəfər tutulub



Ölkəyə qanunsuz yollarla 91 kiloqram narkotik vasitə gətirən daha iki nəfər polisin keçirdiyi əməliyyat zamanı tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində nazirliyin əməkdaşları əməliyyatlar davam etdirirlər. Növbəti tədbirlərlə İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha iki nəfər DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyənləşdirilib.
Abşeron rayonunun ərazisində keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər məhkum olunmuşlar - 1989-cu il təvəllüdlü Zahid Məmmədov və 1998-ci-il təvəllüdlü Qabil Muradov saxlanılıblar. Həmin şəxslərdən və idarə etdikləri avtomobildən 91 kiloqram, o cümlədən güclü təsirə malik 22 kiloqram heroin, 23 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 46 kiloqram qurudulmuş marixuana və 4300 ədəd “Metadon” həbi aşkarlanıb.
Araşdırmalar nəticəsində Zahid Məmmədov və Qabil Muradovun mütəşəkkil dəstə yaradaraq İran vətəndaşı “Səxavət” adlı şəxslə qabaqcadan əlbir olmaqla ölkəyə narkotik vasitə və psixotrop maddələr gətirən əsas fiqurlardan olmaları və narkotiklərin pul dövriyyəsini təşkil etmələri müəyyənləşdirilib. Dəstə üzvləri narkotikləri Abşeron rayonunun ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 10-08-2023, 15:39