Bakı üzrə məktəbəhazırlıq qruplarına 17 min 264 uşaq qeydiyyatdan keçib
İyulun 17-si saat 11:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 min 264 uşaq elektron qeydiyyatdan keçib.
İdarədən bildirilib ki, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçə bilərlər.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 16-sı saat 11:00-dan etibarən aktiv olub. Digər dillərdə tədris aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə iyulun 18-i saat 11:00-da aktiv ediləcək.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-07-2024, 12:34