Dünyada aylıq temperatur rekordları dövrü bitir
Avropanın Kopernik İqlim Müşahidə Xidmətinin alimləri dünyada 13 aydır davam edən rekord yüksək temperaturların sona çatdığını elan ediblər.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Müşahidələrə görə, 2024-cü ilin iyul ayı 2023-cü ilin iyul ayına nisbətən bir qədər sərin keçib. Mütəxəssislərin qeyd etdiyinə görə, ötən ilin iyulunda dünya üzrə orta hava temperaturu 16,91°C olub, bu isə bir il əvvəlki göstəricidən 0,04°C azdır.
Tədqiqatçılar hesab edirlər ki, qlobal temperaturun uzun müddət yüksək qalmasının səbəbi bir neçə amilin birləşməsidir. Bu amillər arasında karbon və digər istixana qazlarının, xüsusilə metanın antropogen emissiyaları mühüm rol oynayıb.Bununla yanaşı, istiləşmə həm də Sakit Okeanda temperaturun artmasına səbəb olan El Nino iqlim fenomeni və Günəşdəki aktivlik ilə əlaqədardır.
Alimlər əlavə ediblər ki, “El Nino”nun yerini daha soyuq “La Nina”ya verməsi ilə qlobal temperaturun azalması davam edəcək, lakin 2023/24-cü ildən əvvəlki səviyyələrə çatmayacaq.
Digər tərəfdən, qlobal orta torpaq nisbi rütubət dəyərləri də son 40 il ərzində azalma tendensiyası göstərir və 2000-ci illərin əvvəllərindən etibarən aşağı səviyyəyə düşüb.
KARUSEL / DÜNYA
Tarix: 16-08-2024, 09:04