MDB PA-nın nümayəndə heyətinə parlament seçkilərinə hazırlıq prosesi barədə məlumat verilib
Avqustun 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının rəhbəri, MDB baş katibinin birinci müavini Leonid Anfimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
MSK sədri Azərbaycanın MDB-nin üzv dövlətləri ilə sıx əlaqələrinin olduğunu qeyd edib.
M.Pənahov qonaqlara seçicilərin, məntəqələrin, müşahidəçilərin sayı, bülletenlərin çapı və digər məsələlər barədə ətraflı məlumat verib, beynəlxalq təşkilatların nümayəndələrinin seçkiləri müşahidə etmək üçün ölkəmizə gəldiyini deyib. Bildirib ki, seçkilərə hazırlıq Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılıb, seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şərait yaradılıb.
Parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə ilk dəfə keçirildiyini vurğulayan MSK sədri Qarabağda və Şərqi Zəngəzurda 54 seçki məntəqəsi yaradıldığını, bu ərazilərdə 42 mindən yuxarı seçici olduğunu diqqətə çatdırıb. Bildirib ki, ümumilikdə seçkiləri izləmək üçün ölkə üzrə 1000 veb-kamera quraşdırılıb.
Leonid Anfimov Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlığın yüksək səviyyədə təşkil edildiyini və seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu deyib.
Qonaq vurğulayıb ki, Azərbaycan sülh və sabitliyin hökm sürdüyü ölkədir, bu da təbii olaraq seçki prosesinə müsbət təsirini göstərir.
“MDB müşahidə missiyası olaraq bundan əvvəl fevralın 7-də Azərbaycanda keçirilmiş prezident seçkilərini izlədik, xalqın öz Liderinə inam və etibarını, yüksək təşkilatçılığı, xalqın həmrəyliyini müşahidə etdik. Ümid edirik ki, sentyabrın 1-nə təyin edilmiş parlament seçkiləri də bu tempdə keçəcək”, - deyə Leonid Anfimov diqqətə çatdırıb.
KARUSEL / SİYASƏT
Tarix: 30-08-2024, 12:18