Formula1 ərəfəsində bəzi əsas yollar açılacaq
Sentyabrın 13-dən 15-dək Bakıda keçiriləcək Formula 1 Qran-Prisi öncəsi bəzi yollarda avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyətlər müəyyən saatlarda aradan qaldırılacaq.
Azərbaycan trek zamanı bunu həyata keçirən tək-tük ölkələrdəndir.
Belə ki, Formula-1-in keçirildiyi ölkələrin əksəriyyətində yarışlar zamanı avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılır. Azərbaycan Qran-Prisində isə ötən ildən tətbiq olunaraq bəzi yollardakı məhdudiyyətlər aradan qaldırılır. Bu il isə daha çox yollarda avtomobillərin hərəkətinə icazə veriləcək.
Trekin əhatə etdiyi yolların bəziləri sentyabrın 9-dan 12-dək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq. Həmin yollar isə aşağıdakı kimidir:
Giriş nöqtələri:
Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;
Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;
Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.
Çıxış nöqtələri:
Neftçilər prospektindən Bakı Dəniz Limanı, “Port Baku Mall” və “Crescent Mall” istiqamətində;
İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
Neftçilər prospektindən Azneft dairəsi, “Dəniz Mall” və Salyan şosesi istiqamətində.
Belə ki, 9-10-11 sentyabr tarixlərində səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək yuxarıda qeyd olunan yollarda nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.
12 sentyabrda isə sözügedən yollar səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək açıq olacaq.
Bakı Şəhər Halqası sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit koridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, tranzit dəhlizləri açıq olduğu zaman nəqliyyat vasitələrinin parklanması, sərnişin minmə və enməsi qadağandır. Bundan başqa, həmin yollarda ağırtonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.
Qeyd edək ki, sözügedən yollarda sürət həddi 50 km/saat olaraq müəyyən edilib. Bu yollardakı nəqliyyatın hərəkətini BŞH və aidiyyəti güc strukturları birgə tənzimləyəcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 10-09-2024, 16:00