mobil versiya

Polis axtarışda olan dələduzları saxlayıb



Polis əməkdaşlarının sentyabrın 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.  

Bu barədə Dİn mətbuat xidməti məlumat yayıb.

Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 9-da bir nəfərin bank kartından 500 manatını oğurlamaqda şübhəli bilinən M.Əliyarov müəyyən olunaraq saxlanılıb. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə sentyabrın 8-də bir nəfərin bank kartından 760 manatını oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş R.Heydərov saxlanılıb.

Həmçinin, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə ayrı-ayrı vaxtlarda 9 nəfəri aldadan şəxsin ümumilikdə onların 3240 manat vəsaitini öz hesabına ödətdirməsi barədə müraciətlər daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 30 yaşlı X.Qasımov müəyyən olunaraq saxlanılıb.

Şabran rayon sakininin aldadılaraq 10.000 manatının alınması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı M.Şahmuradlı saxlanılıb. Onun xuliqanlığa görə axtarışda olması da müəyyən olunub.

Sumqayıt şəhər sakini olan bir nəfər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə aldadılaraq 8000 manatının  alınması ilə bağlı müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən S.Hacıyev müəyyən olunaraq saxlanılıb. 

Gəncə şəhərində bir nəfəri aldadan şəxsin öz hesabına 5000 manat ödətdirməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı E.Qəhrəmanlı müəyyən olunaraq saxlanılıb Araşdırma aparılır.

Faktlarla bağlı araşdırma aparılır.


KARUSEL / HADİSƏ
Tarix: 12-09-2024, 12:52