Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüş keçirilib
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
Bu barədə AZPROMO-nun yaydığı məlumatda deyilir.
Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından biznes dairələri arasında münasibətlərin intensivləşdirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib. AZPROMO-nun sahibkarlar arasında əlaqələndirmə prosesində aktiv rol oynadığı və bu müstəvidə cari ilin 26 sentyabr tarixində Bakıda keçiriləcək Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) İqtisadi Forumunun əhəmiyyəti vurğulanıb.
Səfir İssam bin Saleh əl-Cuteyli Səudiyyə Ərəbistanı və Azərbaycan arasında mövcud siyasi əlaqələr yüksək qiymətləndirərək iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcud olduğunu vurğuladı. Bildirildi ki, bu ilin 30 sentyabr tarixində Səudiyyə Ərəbistanının 70-dək böyük şirkəti Azərbaycana səfər edəcək.
AZPROMO tərəfindən sözügedən şirkətlərlə yerli sahibkarlar arasında əlaqələrin qurulması ilə bağlı lazımi dəstəyin göstəriləcəyi diqqətə çatdırılıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-09-2024, 14:02