“Qarabağ”ın çox güclü komanda olduğunu gördük” – Postekoqlu
“Qarşımızda təcrübəli Avropa komandası var. Avrokubok təcrübəsi həqiqətən önəmlidir. “Qarabağ” istər Çempionlar Liqası, istərsə də Avropa Liqasında öz izini qoyub”.
Reportyor.az xəbər verir ki, bu sözləri “Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Avropa Liqasının Liqa mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirəcəkləri ilk tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, sabahkı matça hazır olduqlarını bildirib: “Biz “Qarabağ”ın son oyunlarını izləmişik. Onların çox güclü komanda olduqlarını gördük. “Qarabağ” yerli çempionatda dominantlıq edir. Amma avrokuboklarda da bir o qədər uğurlu təsir bağışlayırlar. Bunu ötən mövsüm Avropa Liqasında sərgilədikləri oyun və qazandıqları nəticələrlə də sübut ediblər”.
Avstraliyalı mütəxəssis “Qarabağ”a qarşı baxımlı oyun nümayiş etdirmək istədiklərini vurğulayıb: “Heyətdəki itkilərə baxmayaraq, öz oyunumuzu göstərməyə çalışacağıq. İnanıram ki, azarkeşlər maraqlı oyunun şahidi olacaqlar”.
O, London klubunun heyətində beş futbolçunun Azərbaycan çempionu ilə matçı buraxacağını bildirib:
“Hücumçular Riçarlison və Vilson Odober sıradan çıxıb, Kristian Romero cəzalıdır. Ced Spens və Serxio Regilonun meydana çıxmasına isə həkimlər icazə vermirlər. Heyətdəki itkilərə baxmayaraq, komanda son oyunda və məşqlərdə yaxşı təsir bağışladı. Bu mənada ciddi problem olacağını düşünmürəm”.
KARUSEL / İDMAN
Tarix: 26-09-2024, 09:41