DOST xidmətlərinə müraciət edənlərin sayı 3 milyonu keçib
DOST xidmətlərinə vətəndaş müraciətlərinin sayı 3 milyonu ötüb və həmin xidmətlərdən vətəndaşların məmnunluğu 98,3 faiz təşkil edib.
Bunu DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir çıxışında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin artıq 7 DOST mərkəzi, 1 DOST filialı və 1 “Smart DOST” məntəqəsinin fəaliyyət göstərdiyini qeyd edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sayəsində Azərbaycanda dövlət sosial xidmətlərinin müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, “bir pəncərə”dən, innovativ əsasda təqdim edildiyi vurğulanıb.
Bölgələrdə DOST mərkəzləri və filiallarının açılması istiqamətində görülən işlərdən bəhs olunub, DOST mərkəzləri şəbəkəsinin daha da genişlənəcəyi bildirilib.
Azərbaycanın uğurlu sosial islahat nümunəsi olan DOST modelinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi və ötən dövrdə DOST Agentliyinin bir çox beynəlxalq mükafat və sertifikatla təltif edildiyi vurğulanıb. Qeyd olunub ki, hazırda bir sıra ölkələr DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərir və bu sahədə həmin ölkələrlə təcrübə mübadiləsi aparılır.
İclasda Agentliyin fəaliyyəti ilə bağlı 2024-cü il üzrə 9 aylıq hesabat təqdim olunub, həmçinin DOST mərkəzlərinin fəaliyyəti, qarşıda duran məsələlər və prioritetlər müzakirə olunub.
KARUSEL / CƏMİYYƏT
Tarix: 3-10-2024, 11:35