Beş ölkə birgə Bəyannamə imzalayacaq
İstanbulda “3+3” platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) Cənubi Qafqaz üzrə iclasının yekunları üzrə birgə bəyannamənin qəbulu planlaşdırılır.
Reportyor.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən TRT Haber telekanalı məlumat yayıb.
Sənəddə region ölkələrinin mövcud problemlərin dialoq yolu ilə həllinin vacibliyi, suverenlik və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, güc tətbiqi təhlükəsinin qadağan edilməsi və insan hüquqlarına hörmətlə yanaşmanın vacibliyi vurğulanacaq.
Telekanal qeyd edir ki, görüş iştirakçıları iqtisadi əməkdaşlığın genişləndirilməsi, o cümlədən regional nəqliyyat dəhlizlərinin yaradılması məsələsi üzrə də çıxış edəcəklər.
“3+3” platformasının iclasında Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirakçıları qəbul edəcək.
Gürcüstan “3+3” platformasının iclasında iştirakdan imtina edib.
Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülüb. Xarici işlər nazirləri səviyyəsində sonuncu görüş 2023-cü ilin oktyabrında Tehranda keçirilib.
KARUSEL / GÜNDƏM
Tarix: 18-10-2024, 10:24