“Təmiz Daşkəsən” layihəsi uğurla yekunlaşıb
“AzerGold” QSC-nin təşkilatçılığı, Səhmdar Cəmiyyətinin törəmə şirkəti - “Daşkəsən Dəmir Filiz” MMC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə “Təmiz Daşkəsən” ekoloji layihəsi uğurla icra edilib.
Reportyor.az xəbər verir ki, bu barədə “AzerGold” məlumat yayıb.
“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə təşkil edilən layihə çərçivəsində növbəti aksiyada “AzerGold” QSC, “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları və RİİB könüllüləri iştirak ediblər.
Aksiya iştirakçıları tərəfindən Zəylik çayının Daşkəsən rayonunun Quşçu kəndindən keçən hissəsində təqribən 3 hektara yaxın ərazi plastik, polietilen, metal, şüşə, kağız, karton və digər tərkibli tullantılardan təmizlənib. Yığılmış tullantılar çeşidlənərək, təkrar emala yönəldilib.
Xatırladaq ki, “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində icra edilən layihə cari ilin yay və payız aylarında Zəylik və Qoşqarçay çaylarının sahilində, o cümlədən müxtəlif kəndlərdə təşkil edilən təmizlik aksiyalarını əhatə edib. Ümumilikdə 10 hektara yaxın ərazi tullantılardan təmizlənib, ağaclara quş yuvaları asılıb, Daşkəsən şəhərinin mərkəzi küçələrinə tullantı konteynerləri və zibil qutuları yerləşdirilib.
Qeyd edək ki, “Təmiz Daşkəsən” layihəsində əsas məqsəd təmizliyə riayət olunmasını təbliğ etmək, ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir. Bu məqsədlə rayonun müxtəlif ərazilərində bu tip aksiyaların təşkili bundan sonra da davam etdiriləcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 18-10-2024, 19:34