mobil versiya

Ağaxan Salmanlının anadan olmasının 83 ili tamam olur




Bu gün Xalq artisti Ağaxan Salmanlının anadan olmasının 83 ili tamam olur.

Reportyor.az xəbər verir ki, Ağaxan Salmanlı 1941-ci il oktyabrın 29-da Bakıda anadan olub. O, 1964-cü ildə Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunu bitirib. Həmin il oktyabrın 1-dən Gənc Tamaşaçılar Teatrında peşəkar səhnə fəaliyyətinə başlayıb. İlk rolu Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında hazırlanan tamaşada Cəfər Cabbarlı obrazı olub. Teatrda Romeo, Bekingem (“Romeo və Cülyetta”, “III Riçard” – V.Şekspir), Səməd (“Sən nə üçün yaşayırsan?” – İ.Qasımov, H.Seyidbəyli), Artur (“Ovod” – E.Voyniç), Hacı Murad (“Tamahkar” – S.S.Axundov), Kərbəlayı Mirzalı (“Danabaş kəndinin məktəbi” – C.Məmmədquluzadə), Flibert (“Məzəli hadisə” – K.Qoldoni), Milisioner Səfər (“Buzovna kəndinin əhvalatları” – Elçin), Dədə Qorqud (“Şahzadə Xəzərin nağılı” – K.Ağabalayev, N.Kazımov) və s. yaddaqalan obrazlar yaradıb. O,  həmçinin “Dovşanın ad günü” (X.Əlibəyli), “Qarışqa şıllaq atdı” (Q.İlkin), “Pul dəlisi”, “Məhəbbət bir bəladır”, “Nənənin kələyi” (Ə.Orucoğlu), “O da mənəm, bu da” (D.Mehdi), “Bala bəla sözündəndir”, “Tıq-tıq xanım” (A.Şaiq) və s. tamaşalara quruluş verib. Ağaxan Salmanlı “Əməkdar artist”, “Xalq artisti” fəxri adlarına layiq görülüb, Prezidentin fərdi təqaüdçüsü idi. Sənətkar 2020-ci ildə vəfat edib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 29-10-2024, 09:59