mobil versiya

Bu ilin 11 ayında nə qədər “ASAN İmza” sertifikatı verilib?



Bu ilin yanvar-noyabr ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 582 min 443 şəxs qəbul edilib və onlara 885 min 859 sayda xidmət göstərilib.

Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib ki, bunlardan 326,5 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 175,4 mindən çoxu elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.
Ümumi xidmətlərin 89,1 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
• Bəyannamələrin (hesabatların) və cari vergi ödəmələrinin hesablanması barədə arayışların vergi orqanlarına təqdim edilməsi;
• Vergiödəyicisinin fəaliyyətinin dayandırılması;
• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
• Asan İmza sertifikatlarının verilməsi;
• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
• Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
• Vergiödəyicisinə arayışların verilməsi;
• Vergiödəyicisinin fəaliyyətinin bərpası;
• Fiziki şəxsin uçotdan çıxarılması.
Hesabat dövründə vergiödəyicilərindən daxil olmuş 32 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 11,9 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Yanvar-noyabr ayları ərzində 3988 vergiödəyicisinin iştirakı ilə 274 görüş keçirilib, 5095 vergiödəyicisinə ünvanlı xidmət göstərilib. Vergiödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 2 milyondan çox SMS göndərilib.
Bu ilin 11 ayı ərzində ümumilikdə 350 min 935 müraciət üzrə 560 min 169 “ASAN İmza” sertifikatı verilib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-12-2024, 17:46