Bakıda qazax gənclərinin təşkilatı yaradılıb
Qazaxıstanın Azərbaycandakı Səfirliyində Bakıda yaşayan və təhsil alan Qazaxıstan vətəndaşlarının və qazax tələbələrinin görüşü keçirilib.
Reportyor.az xəbər verir ki, Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel salamlama nitqində Müstəqillik dövründə əldə olunan nailiyyətlərdən, ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərindən söz açıb.
Diplomat, Qazaxıstan ilə Azərbaycan arasında siyasi, iqtisadi, nəqliyyat-logistika, müdafiə, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın müsbət dinamikasını qeyd edib. Qazaxıstan və Azərbaycan tərəfindən həyata keçirilən iri regional layihələrin əhəmiyyəti vurğulanıb. Bu sıraya Orta Dəhlizin inkişafı, Xəzər dənizi üzərindən fiber-optik rabitə xəttinin və elektrik kabelinin çəkilməsi daxildir.
Səfir qeyd edib ki, 2023-cü ilin noyabrından 2024-cü ilin noyabrınadək Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dörd dəfə səfər edib, bu da ikitərəfli münasibətlərimizin tarixində misilsiz göstəricidir. A. Bayel həmçinin vurğulayıb ki, Qazaxıstanın ən böyük sərvəti onun vətəndaşlarıdır və Səfirliyin qapıları həmişə qazaxıstanlılar üçün açıqdır.
Tədbir çərçivəsində Azərbaycanın aparıcı ali təhsil müəssisələrində təhsil alan tələbələr, əsas məqsədi Azərbaycanda qazaxıstanlı tələbələri bir araya toplaması və onlara dəstək verilməsi, mədəni əlaqələrin gücləndirilməsi və müxtəlif tədbirlərin keçirilməsi olacaq “Orda” Qazax Gənclər Təşkilatını təsis etdilər.
Səfir A. Bayel Qızıl Ordanın yaranmasının 800 illiyində təsis olunan gənclər təşkilatının adının rəmzi məna daşıdığını vurğulayıb. Onun sözlərinə görə, dövlətlərarası münasibətlər həmçinin vətəndaşlar arasında əlaqələrin və dostluğun inkişafı sayəsində möhkəmlənir. Müsbət göstəricilərindən biri də Azərbaycana gələn qazaxıstanlı turistlərin və tələbələrin sayının artmasıdır.
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:51