mobil versiya

Səfir: "Azərbaycan müxtəlif sahələrdə Yunanıstanın uğurlu tərəfdaşıdır"



Yunanıstanın Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Reportyor.az xəbər verir ki, tədbirdə çıxış edən Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistrias Yunanıstan-Azərbaycan əlaqələrinə toxunub. 

Azərbaycanın müxtəlif sahələrdə Yunanıstanın uğurlu tərəfdaşı olduğunu vurğulayan səfir deyib ki, enerji sahəsindəki bu əməkdaşlıq strateji tərəfdaşlıq - müttəfiqlik səviyyəsinə yüksəlib, Trans-Adriatik Boru Kəməri (TAP) bu tərəfdaşlığın bariz nümunəsidir.

Diplomat qeyd edib ki, TAP Yunanıstanın üçüncü ən böyük təbii qaz idxalçısıdır, ölkənin ümumi qaz idxalının təxminən 25 faizini təşkil edir.


“Yunanıstan ehtiyac yaranacağı təqdirdə, TAP-ın genişləndirilməsinə dəstək verməyə hazırdır ki, bu da artan enerji tələbatını qarşılamağa imkan verəcək. Bundan əlavə, Yunanıstan enerji infrastrukturunun gələcəyinə diqqət yetirir və bugünkü qaz kəmərlərinin gələcəkdə hidrogen nəqli üçün uyğunlaşdırıla biləcəyini nəzərə alır.  IGB boru kəməri də strateji əhəmiyyətə malikdir və bizi bolqar dostlarımızla birləşdirir. Bu boru kəməri Rumıniya, Moldova və uzun müddətdir çətinliklərlə üzləşən Ukraynanın enerji təhlükəsizliyini təmin etmək potensialına malikdir".

Cənubi Qaz Dəhlizinin (SGC) mühüm hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) strateji infrastruktur layihəsidir və Azərbaycanın qazını Avropaya çatdırır. Bu, qitənin mühüm enerji təchizatı problemləri ilə üzləşdiyi bir dövrdə xüsusi əhəmiyyət daşıyır. TAP 4 ildən artıqdır ki, Azərbaycanın təbii qazını Yunanıstan, İtaliya və Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə digər ölkələrə təhlükəsiz və etibarlı şəkildə nəql edir.


Daha sonra Yunanıstan Xarici İşlər Nazirliyinin Baş katibi Dimitris Skalkos Yunanıstan-Azərbaycan əlaqələrinin həm dövlətlər, həm də xalqlar arasında uğurla inkişafı etdiyini və gələcəkdə daha da genişlənəcəyinə ümidvarlığını ifadə edib. D.Skalkos deyib ki, Azərbaycanla Yunanıstanın baxışları üst-üstə düşür və ikitərəfli münasibətlər böyük potensiala malikdir: "Yunanıstan dialoq, dostluq, yaxşı qonşuluq münasibətləri və beynəlxalq hüquq əsasında mübahisələrin sülh yolu ilə həlli prinsipinə sadiqdir. Bu prinsiplər və dəyərlər bu gün və sabah dünyada bizim yol göstəricimizdir. Məhz bu prinsipləri və dəyərləri Yunanıstan 2025-2026-cı illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müdafiə edir. Gələcəkdə bizi gözləyən çoxsaylı əməkdaşlıqlar var. Bu məqamda mən xüsusilə xarici işlər naziri Ceyhun Bayramova, eləcə də Prezidentin köməkçisi Hikmət Hacıyevə səfirliyimizlə mükəmməl əməkdaşlığa görə dərin minnətdarlığımı bildirirəm”.


Azərbaycan hökuməti adından çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, 33 illik əlaqələrə malik Azərbaycan-Yunanıstan əməkdaşlığı müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, nəqliyyat, elm və təhsil, mədəniyyət, turizm və digər sahələrdə inkişaf edib.

Nazir müavini deyib ki, Avropanın enerji marşrutlarının və təchizat mənbələrinin şaxələndirilməsində Cənub Qaz Dəhlizi və Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru çərçivəsində həyata keçirilən əməkdaşlığımız müstəsna əhəmiyyət kəsb edir.

“Son illər ərzində ölkələrimiz arasında ali və yüksək səviyyədə mütəmadi olaraq səmərəli görüşlər keçirilir. 2022-ci il oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb. İki ölkənin liderləri arasında digər görüş ötən ilin noyabr ayında COP29 çərçivəsində keçirilib. Bu görüş ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində növbəti əhəmiyyətli addım olub. Biz ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqu müsbət qiymətləndiririk. Xarici işlər nazirləri arasında ötən illərdə beynəlxalq platformalar çərçivəsində vaxtaşırı görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb. 2024-cü ilin mart ayında iki ölkənin xarici işlər nazirlikləri arasında Bakı şəhərində keçirilmiş siyasi məsləhətləşmələri məmnunluqla qeyd etmək istərdim”.


E.Məmmədov bildirib ki, Azərbaycan və Yunanıstan arasında ticarət-iqtisadi və turizm əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən qeyri-enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq mövcuddur.

“Azərbaycan və Yunanıstan arasındakı münasibətlərin mühüm istiqamətlərindən birini humanitar sahədə əməkdaşlıq təşkil edir. Mədəniyyət, elm və təhsil sahələrində mübadilələr və şəhərlərarası əlaqələr insanlar arasında əlaqələri təşviq edən mühüm amillərdəndir. Ölkəmizdə yunan dilinə maraq göstərənlər üçün, o cümlədən dövlət universitetlərimiz nəzdində yunan dili və mədəniyyətinin tədrisi mərkəzləri fəaliyyət göstərir”.

Sonda Yunanıstan milli musiqisiləri səsləndirildi və 1964-cü ildə “Yunan Zorba” filmi üçün yunan bəstəkarı Mikis Teodorakisin musiqisi əsasında yaranan populyar “Sirtaki” rəqsi rrəqqasların ifasında təqdim olundu. “Sirtaki” dünyada ən populyar yunan rəqsinə və Yunanıstanın rəmzlərindən birinə çevrilib.





KARUSEL / SİYASƏT
Tarix: 3-04-2025, 19:46