Noyabrda Bakıda və Abşeron yarımadasında havanın orta temperaturu ötən dövrün iqlim normasından 3.9 dərəcə yüksəkdir

Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə sabit, mülayim hava şəraiti müşahidə olunur. Bunun səbəbi sinoptik şəraitdən asılı olaraq isti hava kütlələrinin cənubdan hərəkət etməsi və cənub-şərq küləklərinin üstünlüyüdür.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidromteorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Cənub axınları hava şəraitinin mülayim keçməsinə, temperaturun yüksəlməsinə səbəb olur. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, rayonlarda isə 25 dərəcəyədək yüksəlib. Havanın orta temperaturu noyabr ayının ötən dövründə iqlim normasından Bakıda və Abşeron yarımadasında 3.9 dərəcə yüksəkdir. Ümumilikdə 22 gün temperatur normadan yüksək olub.
Çoxillik müşahidə məlumatlarının təhlilinə əsasən, ötən illərin noyabr aylarına nəzər salsaq, əvvəlki illərdə də yüksək temperatur rejimi qeydə alınıb. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-cü ildə 25 dərəcə, bölgələrdə isə 29 dərəcəyədək isti qeydə alınıb”, - deyə Gülşad Məmmədova vurğulayıb.
Gülşad Məmmədova bildirib ki, ölkə ərazisində müşahidə olunan mülayim hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir. (azərtac)
KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 14:24


























