Gəlirlərin bəyan edilməsində Pribaltika təcrübəsi

Əmlakın, gəlirlərin və aktivlərin bəyan edilməsi sistemi dünyanın bir çox ölkələrində tətbiq olunur. Bu suctem dövlət vəzifəsi tutan şəxslərin gəlirlərinə və xərclərinə nəzarət etməyə, hakimiyyət səlahiyyətlərindən sui-istifadə hallarını minimuma endirməyə yönəldilmişdir və korrupsiyaya qarşı mübarizənin səmərəli vasitələrindən biri hesab olunur. Korrupsiyaya qarşı mübarizə vasitələrindən biri olmaq etibarilə bu sistemin tətbiqinin əsas məüsədi bir tərəfdən, hakimiyyət səlahiyyətlərindən istifadə etməklə qanunsuz varlanmanın, digər tərəfdən isə, maraqlar toqquşmasının qarşısının alınmasıdır.
Əmlakın, gəlirlərin və aktivlərin bəyan edilməsi sisteminin hamılıqla qəbul edilmiş vahid standartları yoxdur və hər bir ölkədə özünəməxsus xüsusiyyətləri vardır. Belə ki, əmlakın, gəlirlərin və aktivlərin bəyan edilməsi tələbi bəzi ölkələrdə yalnız dövlət məmurlarına, bir sıra digər ölkələrdə isə publik hakimiyyət səlahiyyətlərinə malik bütün vəzifəli şəxslərə, bir qrup ölkələrdə isə həm də onların ailıə üzvlərinə və yaxın qohumlarına da şamil olunur. Bundan başqa, bir sıra ölkələrdə yalnız əmlakın, gəlirlərin və aktivlərin bəyan edilməsi, digərlərində isə həm də xərclərin bəyan edilməsi tələb olunur.
Təqdim olunmuş bəyannamələrin monitorinqi də müxtəlif üsullarla həyata keçirilir. Monitorinq əksər ölkələrdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış xüsusu qurumlar, bəzi olkələrdə isə vergi orqanları tərəfindən həyata keçirilir.
Litvada gəlir bəyannamələri siyasi vəzifələrə təyin olunmuş dövlət vəzifəli şəxsləri, siyasi vəzifələrə namizədlər, mülki qulluqçular, məhkəmə pristavları, notariuslar, hakimlər, prokurorlar, hərbi qulluqçular, dövlət ali təhsil müəssisələrinin rəhbərləri, digər kateqoriyalı vəzifəli şəxslər, Nazirlər Kabinetinin üzvləri, yerli hakimiyyət orqanları şurasının üzvləri, Avropa Parlamentinin üzvləri (bundan sonra – vəzifəli şəxslər) və sadalanan şəxslərin hamısının ailə üzvləri tərəfindən təqdim olunmalıdır.
Latviyada dövlət vəzifəli şəxslər bəyannamədə yalnız öz əmlakları, gəlirləri, aktivləri barədə bə gəlirlər haqqında məlumat verməyə borcludurlar. Onlar bəyannamədə tutduqları əsas dövlət vəzifəsindən əlavə digər dövlət vəzifəsi tutub-tutmamaları barədə məlumatla yanaşı öz əmlakları, gəlirləri və aktivləri barədə aşağıdakı məlumatları bildirməlidirlər:
- mülkiyyətində, sahibliyində və istifadəsində olan (o cümlədən digər şəxslərdən icarəyə götürdüyü), habelə qəyyum və ya himayəçiliklə əlaqədar istifadəsində olan əmlak barədə məlumat;
- fərdi kommersant olması, ona məxsus kapitalın və səhmlərin payını göstərməklə kommersiya cəmiyyətlərində iştirakçı, səhmdar və ya üzvlüyü barədə məlumat;
- ona məxsus qeydiyyata alınmalı olan nəqliyyat vasitələri, habelə sahibliyində, istifadəsində olan və ya lizinq müqaviləsi əsasında əldə etdiyi nəqliyyat vasitələri barədə məlumat;
- aylıq minimum əmək haqqı məbləğinin 20 mislindən çox olan nəğd və ya nəğdsiz pul vəsaitləri haqqında məlumat;
- hesabat dövründə əldə etdiyi bütün növ gəlirlər barədə məlumat;
- aylıq minimum əmək haqqı məbləğinin 20 mislindən çox olan əqdlər barədə məlumat (əqdin konkret məbləği və tərəfi göstərilməklə);
- aylıq minimum əmək haqqı məbləğinin 20 mislindən çox olan borc öhdəlikləri barədə məlumat (borc öhdəliyinin konkret məbləği, borclu və ya kreditor göstərilməklə);
- ona verilən ssudalar barədə məlumat (əgər bu ssudaların ümumi məbləği - aylıq minimum əmək haqqı məbləğinin 20 mislindən çoxdursa);
Müvafiq vəzifəli şəxs öz istəyinə uyğun olaraq bəyannamədə digər məlumatları da göstərə bilər.
Vəzifəli şəxs tərəfindən təqdim olunmuş bəyannamə kiçik istisnalarla ictimaiyyət üçün açıqdır. İstisnalar dövlət vəzifəli şəxsin, onun qöhumlarının bə bəyannamədə göstərilən digər şəxslərin, əqd üzrə tərəfdaşlarının, borclularının və kreditorlarının yayaşıyış yeri və fərdi koduna aiddir.
Təqdim olunmuş bəyannamələr ixtisaslaşmış xüsusu qurum – Korrupsiyanın qarşısının alınması və onunla mübarizə Bürosu tərəfindən yoxlanılır. Yoxlama bəyannamənin qanunla müəyyən edilən məhduduyyətlərin pozulmasını göstərən məlumatların olub-olmamasını aşkar etmək məqsədilə aparılır.
Bu məqalə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən icra edilən “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi məqsədilə tədbirlərin təşkili, məqalələrin və hesabatın hazırlanması” layihəsi çərçivəsində hazırlamışdı.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-10-2023, 14:29