mobil versiya

Mərakeşli məşhur pianoçu Bakıda konsert verib



Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Günü münasibətilə mərakeşli pianoçu Mahmoud El-Musauinin  Beynəlxalq Muğam Mərkəzində konserti keçirilib.

Reportyor.az xəbər verir ki,  Skarlattidən Benabdeljalilə qədər uzanan proqram çərçivəsində klassik musiqiyə həvəs göstərən azərbaycanlı və beynəlxalq tamaşaçılar XVII–XXI əsrləri əhatə edən klassik musiqi irsinin, o cümlədən Azərbaycanlı və Mərakeşli bəstəkarların nümunəvi əsərlərini yenidən və ya ilk dəfə kəşf etmək imkanı qazandı.

Mərakeşin Azərbaycandakı səfiri  Adil Embarş çıxışı zamanı bu Günün əhəmiyyətini vurğulayaraq, Əlahəzrət Kralın müdrik rəhbərliyi altında Mərakeş Krallığının mədəniyyətlər və dinlərarası körpülərin qurulmasına yönəlmiş təşəbbüslər vasitəsilə bu sahədə ardıcıl öhdəliyini davam etdirdiyini qeyd edib. O, xüsusilə BMT-nin Sivilizasiyalar Alyansı çərçivəsində həyata keçirilən təşəbbüslərin vacibliyini önə çəkib.


Səfir, həmçinin, Mərakeş musiqisinin zənginliyini və özünəməxsusluğunu vurğulayaraq bu musiqinin müxtəlif janr və üslubları ilə fərqləndiyini, klassik musiqini seçən sənətkarlar da daxil olmaqla, mərakeşli musiqiçilərin bu sənətə verdiyi töhfələri yüksək qiymətləndirib.
O, qeyd edib ki, Bakı şəhərinin 2025-ci il mədəni gündəmini zənginləşdirən bu konsert Mərakeş irsinin bütün formalarının tanıdılmasına töhfə verir, eyni zamanda Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında mədəni mübadilələrin və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
“Mərakeş Krallığı, Əlahəzrət Kral VI Məhəmmədin rəhbərliyi altında, uzun müddətdir ki, birgəyaşayış, açıqlıq və mədəniyyətlərarası dialoq kimi dəyərləri özünün əsas prinsipləri kimi qəbul edib. Əlahəzrət Kral sivilizasiyalararası dialoqu və mədəni-dini müxtəlifliyə hörməti Mərakeşin xarici siyasətinin və milli kimliyinin mərkəzinə yerləşdirib. Diplomatiya, təhsil və incəsənət vasitəsilə Mərakeş öz missiyasını – Afrika, Avropa və Ərəb dünyasının sülh və qarşılıqlı anlaşma şəraitində qovuşduğu bir körpü olmaq – uğurla davam etdirir”.
Bu axşamkı konsert məhz bu ruhun təcəssümüdür. Musiqi proqramının müxtəlifliyi – klassik ənənələrdən tutmuş müasir ifadə formalarına qədər – sözsüz, lakin emosiyalarla, yaradıcılıqla və dərin mənalarla zəngin bir dialoqun canlı nümunəsidir.
Tədbirdə Azərbaycan rəsmiləri, Milli Məclisin üzvləri, diplomatik korpusun nümayəndələri, eləcə də mədəniyyət və media sahəsinin tanınmış simaları iştirak edib.

Bu musiqi gecəsi, eyni zamanda, sivilizasiyalararası dialoqun təşəkkülündə mühüm rol oynamış, bu sahədə kral təşəbbüsləri və zəngin tarixi ilə seçilən Mərakeş Krallığının mövqeyini bir daha ön plana çıxarmağa xidmət etdi.

Unikal Mərakeş kimliyinin beşiyi olan bu ölkə, əsrlər boyu Amazix, Finikiya, Roma, Afrika, Şərq, Aralıq dənizi və Avropa sivilizasiyalarının qovuşma nöqtəsi olaraq mədəniyyətlərarası sinergiya və qarışıqlığın bənzərsiz modelini formalaşdırıb.
Kenitra şəhərində anadan olmuş Mahmoud El-Musaui Mərakeş klassik musiqi səhnəsinin gənc nümayəndələrindən biridir. O, musiqi təhsilinə doğma şəhərinin konservatoriyasında başlamış, daha sonra Fransada ali və peşəkar musiqi təhsilini davam etdirmişdir.


Mahmoud doqquz yaşından etibarən piano ifa etməyə başlayıb və o vaxtdan bəri özünü müstəsna bir istedad kimi təsdiqləyib. O, Əlahəzrət Şahzadə Lalla Meryem adına Beynəlxalq Piano Müsabiqəsində Birinci Mükafat da daxil olmaqla, bir sıra nüfuzlu mükafatlara layiq görülüb.
Mahmoud bu günə qədər Mərakeşdə, Avropada və Yaxın Şərqdə bir çox səhnələrdə çıxış edərək, həm zəngin, həm də incəliklə seçilən müxtəlif bir repertuar təqdim edib. O, eyni zamanda Balıqçılıq və Akvakultura üzrə Dövlət Mühəndisi və Strasburq Biznes Məktəbinin məzunudur.



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-06-2025, 20:06