Gələn il kinoya pul yoxdur – Nazirlik və komitə etiraz edib

2026-cı il üçün dövlət büdcəsində Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) vəsaitin ayrılması nəzərdə tutulmayıb.
Maliyyə Nazirliyinin bu addımı mədəniyyət ictimaiyyətində narazılığa səbəb olub.
Maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisdə büdcə müzakirələri zamanı bildirib ki, 2025-ci ildə Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb, lakin həmin məbləğin yalnız 41 faizi - 3,5 milyon manatı xərclənib.
“Hazırda 5 milyon manat istifadə olunmamış vəsait qalıb. Ümumilikdə, 2025-ci ilin əvvəlinə Kino Agentliyinin sərəncamında 11,5 milyon manat istifadə olunmamış vəsait olacaq. Buna görə hesab edirik ki, qurumun mövcud ehtiyatları növbəti il üçün xərcləri qarşılamağa kifayət edəcək”, - deyə nazir müavini bildirib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov vurğulayıb ki, kino sənayesinin inkişafı dövlətin diqqət mərkəzində olmalı və maliyyə dəstəyi davam etməlidir: “Son iki ildə ölkəmizdə 71 film istehsalına başlanıb, onlardan 50-si artıq tamamlanıb. 15 film Vətən müharibəsinə həsr olunub, 5 filmin çəkilişi isə davam edir. Son 5 ildə 30-a yaxın filmimiz beynəlxalq festivallarda iştirak edib. Hazırda 7 animasiya filmi üzərində iş gedir, tarixi filmlərin çəkilişi üçün Türkiyədəki istehsal poliqonları öyrənilir. Xarici film istehsalçılarının layihələrinə çəkilən xərclərin 40 faizi Azərbaycan dövləti tərəfindən qarşılanır. Buna görə də Kino Agentliyinə maliyyə təminatının davam etdirilməsi zəruridir”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu da məsələ ilə bağlı narahatlığını ifadə edib: “Gələn il kinoya vəsait ayrılmaması ciddi problemdir. Kino sahəsində maliyyə dəstəyi kəsilərsə, bu sahədə çalışan mütəxəssislər iş yerlərini tərk edəcək, gələcəkdə Azərbaycan kinosunun inkişafı dayanacaq”.
Komitə sədri əlavə edib ki, mədəniyyət sahəsinə ayrılan vəsait heç vaxt kifayət qədər olmur: “Abidələrin bərpası və restavrasiyası ilə Mədəniyyət Nazirliyi məşğuldur, lakin kinoya ayrılan vəsaitin kəsilməsi yolverilməzdir”.
Milli Məclisin sədr müavini Rəfael Hüseynov da həmkarının fikrini dəstəkləyib və Azərbaycan kinosunun inkişafı üçün əlavə təşviq mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayıb: “XX əsrin ortalarında Azərbaycan kinosu böyük nailiyyətlər əldə edib. Bu ənənə qorunmalıdır. Kino xadimlərinə güzəştlər, avadanlıqların idxalında vergi yüngüllükləri və digər imtiyazlar verilməlidir”. (“AzPolitika.info”)
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 18:21


























