Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb

Em və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu Qarabağ və Şərqi Zəngəzur ərazilərində mühüm ekoloji və coğrafi tədqiqatlar həyata keçirir.
İnstitutun şöbə müdiri coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqatların nəticələri barədə məlumat verib. O qeyd edib ki, işğala qədər Qarabağ və Şərqi Zəngəzurda meşələr 247 min hektar ərazini əhatə edirdi. İşğal zamanı isə ermənilər 40 min hektar meşə sahəsini tamamilə məhv ediblər. Qarabağ və Şərqi Zəngəzurda 460 növ qiymətli ağac və bitki növü var idi ki, bunlardan 70 növü endemik idi. Təəssüf ki, hazırda ərazidə bu bitki növlərinə rast gəlinmir. Ağdamın Şelli, Seyidli, Sarıcallı və Əliağalı kəndlərində yaşı 150-250 il olan 8 ədəd Şərq çinarının və dövlət qeydiyyatına alınmış yaşı 400 ildən çox olan 71 təbiət abidəsinin məhv edildiyi və ya yandırıldığı müəyyən edilib.
Alimin sözlərinə görə, Kəlbəcər rayonunda 986 hektar ərazidə “Qırmızı kitab”a daxil edilmiş və Azərbaycanın çox qiymətli və endemik bitkisindən ibarət unikal meşə ayıfındığı ekosistemi də işğal dövründə ekoloji terrora məruz qalıb: “Şuşa yaxınlığındakı Topxana meşəsindəki ağaclar ya qırılıb, ya da ciddi şəkildə zədələnib. “Haça yal” adlanan ərazidəki meşədə isə 2000-dən çox sağlam palıd ağacı qırılaraq məhv edilib. Cıdır düzündəki və ətraf ərazidəki meşə ekosistemləri eyni aqibəti yaşayıb, 18 hektarda unikal əhəmiyyətli yaşıllıqlar məhv edilib. Şuşa şəhərindəki yaşıllıqlar da ekoloji fəlakətə məruz qalıb”.(azərtac)
KARUSEL / ÖLKƏ
Tarix: 16-12-2025, 17:49



























