Əfqanıstan Pakistandakı nüvə obyektini vurduğunu deyib, Pakistana xəbərdarlıq edib

Ölkənin milli təhlükəsizliyinə təhdid yaranarsa, Əfqanıstan ordusu Pakistan ərazisinin dərinliklərində, o cümlədən İslamabadda hərbi əməliyyatlara başlayacaq.
Əfqanıstan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Qari Fasihuddin Fitrət bu barədə özünün sosial media hesabında yazıb.
“Əfqanıstanın təhlükəsizliyinə təhdid yaranarsa, bizim ordumuz onların inzibati mərkəzlərinə və paytaxt İslamabada hücum etmək üçün lazımi potensiala malikdir”, - deyə Qari Fasihuddin Fitrət bildirib. Onun sözlərinə görə, Əfqanıstan heç vaxt öz ərazisinə edilən təcavüzü cavabsız qoymayıb.
Bu arada Əfqanıstan silahlı qüvvələri Pakistandakı nüvə obyektinə və Xayber-Paxtunxva əyalətinin Kakol şəhərindəki hərbi bazaya zərbələr endirib.
Bu barədə Əfqanıstanın “Ariana News” telekanalı məlumat verib. Telekanalın iddiasına görə, hücum nəticəsində yüzlərlə hərbçi öldürülüb və yaralanıb. Yaralılar təcili olaraq İslamabaddakı Pakistan Tibb Elmləri İnstitutuna aparılıb.
Qeyd edək ki, fevralın 26-da Əfqanıstan-Pakistan sərhədində yenidən döyüşlər başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə son hava hücumlarına cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqlayıb. İslamabad toqquşmalarda 130-dan çox Əfqanıstan əsgərinin öldürüldüyünü iddia edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 27-02-2026, 16:10



























