mobil versiya

Milan Baroş vida oyunu keçirəcək



Çexiya futbolunun tanınmış sabiq hücumçusu Milan Baroş vida matçı keçirəcəyini açıqlayıb.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Baroş bildirib ki, karyerasını başa vurduğu dönəmdə pandemiya səbəbindən azarkeşlərlə layiqincə vidalaşa bilməyib:

“Bu barədə illərdir düşünürdüm. Karyeramı bitirdiyim zaman istədiyim kimi vidalaşa bilmədim. Tam dolu stadionda bunu etmək mümkün olmadı. Amma inanıram ki, indi bu baş verəcək və 26 sentyabrda Ostravada hamımız görüşəcəyik”.

Milan Baroş peşəkar futbolçu karyerasını 2020-ci ilin iyulunda, 38 yaşında başa vurub. Onun son klubu Çexiyanın “Banik Ostrava” komandası olub.
44 yaşlı sabiq forvard karyerası ərzində “Liverpul”, “Lion” və “Qalatasaray” kimi klubların da formasını geyinib. O, “Liverpul”la 2005-ci ildə UEFA Çempionlar Liqasının qalibi olub. Baroş həmçinin, 2004-cü ildə keçirilən Avropa çempionatının bombardiri adını qazanıb və Çexiya millisi ilə bürünc medal əldə edib. Onun milli komandada 41 qolu var. (Komanda.az)


Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: 24-03-2026, 17:43