mobil versiya

"Növbəti mövsüm çempionluq üçün mübarizə aparacağıq” – “Neftçi”nin baş məşqçisi



“Neftçi”nin U-19 komandasının baş məşqçisi Asif Ramazanov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Öncə başlayaq mövsümün əvvəlindən...
– Rəhbərliyin qarşımıza qoyduğu məqsədlər var idi. 19 yaşlılarda plan üzrə, əsas da futbolçuların inkişafı ilə bağlı bir-iki yaş cavanlaşdırma etdilər. Tələblər qoyuldu ki, daha çox iki çempion komanda ilə, hansı ki, 2009 təvəllüdlü futbolçular U-16 liqasında, 2008-cilər U-18 liqasında çempion olmuşdular. İki komandanın vəhdətindən komanda yartmaq və U-19 liqada daha yüksək yerlər uğrunda oynamaq, gələcəkdə daha çox A və B komandaya oyunçu yetişdirmək və növbəti mövsüm isə çempionluq üçün təməlli bir kollektiv formalaşdırmaq məqsədi qoyulmuşdu. Mövsümə bu yöndə başladıq.
– “Neftçi”yə U-19 liqasının ən gənc komandası demək olar. Hazırda komandanızda çıxış edən futbolçulardan neçə faizi gələcəkdə karyerasını peşəkar səviyyədə davam etdirə bilər?
– Bizdə həm 2009, həm də 2008 yaş qrupunda kifayət qədər milliyə layiq oyunçu var. Hər yaş qrupunda say nisbətinə görə komandanın yarıdan çoxu perspektivlidir. Təbii ki, A komandaya tələblər başqadır, orda bəzi keyfiyyətlər olmalıdır, həm fitnes, həm də sosial baxımdan. Bu iki-üç ilə ərzində A komandamıza onların arasında 4-5 futbolçu verə bilsək, bizim üçün böyük uğur olar. Belə deyək də, iki komandanın birləşməsindən 20-25 istedadlı futbolçu var. Ümid edirik ki, onların içindən A komandaya düşə biləcək futbolçular olacaq.
– A komandanın baş məşqçisinin sizin komandanızın uşaqları ilə yaxından maraqlandığı kimsə var? Yəni, növbəti mövsümdən sizin komandanızın hansısa üzvünü əsas komandada görə bilərik?
– Mövsümün əvvəlində bir dönəm baş məşqçi dəyişikliyi oldu. O dönəmdə Sənan Qurbanov müvəqqəti baş məşqçi oldu. Ondan sonra bu tendensiya uşaqların iki-iki, üç-üç A komandaya məşqlərə cəlb olunması, uşaqların o ab-havanı, əsas komandanın şəraitini, orda gedən məşq prosesini, peşəkar futbolçuların işə yanaşmasını gördülər. Demək olar ki, 12-14 nəfəri iki-iki məşqlərə göndərdik. Sənan Qurbanovun dönəmindən sonra – Yuri Vernidub gələndən sonra da tendensiyanı davam etməyə başladı. Biz də bacardığımız qədər uşaqları ora göndərirdik. Əlavə olaraq da ev oyunlarımız, əsas bazamız, meydançamız demək olar bazaya çox yaxındır… Köməkçi məşqçilər, baş məşqçinin özü, idman direktorumuz, komandanın meneceri, klub prezidenti, akademiyamızın direktorları – hamısı müşahidə altında saxlayırlar, izləyirlər, gəlib baxırlar. Bu da uşaqlar üçün əlavə bir motivasiyadır. Yəni, fikir olaraq deyə bilmərəm ki, mövsümün sonunda kimlər A komandaya gedəcək, kimlər əvəzediciyə yollanacaq. Daha çox getsələr, bizim üçün yaxşıdır. Bizim işimiz nədir? Böyük komandalara uşaqlar verək. Əsas məqsəd kollektivi qorumaq, dediyim kimi, gələn il çempionluq üçün oynamaqdır. Bu il də şansımız var idi, axıra qədər qovaladıq, hələ heç nə bilinmir, son tur qalıb. Çalışacağıq ki, bu oyunu da qələbə ilə yekunlaşdıraq. Çempionluq şansımız hələ də var.
– Komandanın belə nəticə verəcəyinizə inanırdız?
– Mövsüm başlamamışdan əvvəl yoxlama görüşləri keçirdik. Oyunların 90 faizində 1-ci və 2-ci Liqa klubları ilə qarşılaşdıq. Bunu özümüz istəmişdik. Çünki rəqib komandada yaşlı, ortayaşlı və vaxtı ilə millidə oynamış oyunçular da var idi. Həmin komandalarla matçlarda başabaş mübarizələr apardıq, hətta qalib gəldiyimiz oyunlar da oldu. Əvəzedicilər liqasından da komandalarla oynamışdıq. Yaxşı siqnallar var idi ki, bu uşaqlar çempionatda istənilən nəticəyə çata bilər. İki dövrəli çempionatda rotasiyalı oyunlar da keçirdik, qalib gəldiyimiz və uduzduğumuz matçlar da var idi. Amma gələcəyə ümid verir. “Altılıq”da da bunu misal göstərə bilərik. 10 oyundan 6-da qazanmışıq, 1-də heç-heçə etmişik. Hətta qol buraxmadan qələbələr qazanmışıq. əsas rəqiblərimiz olan “Sabah” və “Qarabağ”a qarşı da başabaş mübarizə aparmışıq. Son matç da qarşıdadır. Unutmayaq ki, rəqiblərin heyətində beş nəfər 2007-ci il təvəllüdlü futbolçu oynayır, beşi də ehtiyatda oturur. Legionerləri də var – “Sabah”da, “Qəbələ”də, “Qarabağ”da. Bizdə isə legioner yalnız bir nəfərdir. O da son üç ayda bizə qoşuldu, çox da köməyi dəydi. Amma öz uşaqlarımız: 2009-cu il təvəllüdlü 9, 2008-ci il təvəllüdlü 12-14 nəfər birlikdə yaxşı iş görə bildik. Uşaqlar da sağ olsun. Rəhbərliyin də dəstəyi danılmazdır.
– Artıq çempionat başa çatır və bir tur qalıb. Növbəti mövsüm üçün hədəfləriniz nədir?
– Mövsüm bitdikdən sonra rəhbərliklə iclasımız olacaq. Mövsüm ərzində gördüyümüz işlərin yazılı və şiafahi hesabatını verəcəyik. Məşqçi təyinatları rəhbərlik tərəfindən verilir, bölgülər olur. Ondan sonra bilirik ki, hansı yaş qrupunda işləyəcəyik. Düzdür, biz məşqçilər öz aramızda gələn mövsüm üçün artıq planlaşdırma aparırıq. Amma rəhbərliyin bölgüsündən, məsləhətindən sonra birlikdə qərar veririk ki, gələn mövsüm üçün hansı məqsədlər, hansı nailiyyətlər üçün oynayacağıq. “Neftçi”də hər zaman qarşıya yüksək məqsədlər qoyulur. Xüsusən də, U-17 və U-19 yaşlı komandalar üçün. Rəhbərlik tərəfindən bizə etimad göstərilsə, yeni mövsüm də komandamızı qoruya bilsək, əlavələr də etsək, çempionluq üçün mübarizə aparacağıq.

Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:29