“Xalça Muzeyi Fashion Show: Zamanın naxışları” adlı moda nümayişi keçiriləcək

İyulun 1-də Azərbaycan Milli Xalça Muzeyində “Xalça Muzeyi Fashion Show: Zamanın naxışları” adlı moda nümayişi olacaq.
Layihə Azərbaycan xalqının zəngin milli-mədəni irsinin müasir moda dili ilə təqdimatına həsr edilib və ölkənin tanınmış modelyer-dizaynerlərini vahid yaradıcı platformada bir araya gətirir.
Moda nümayişində xalçaçılıq sənəti ənənələri, milli ornamentlər, qədim simvollar və s. müasir estetik baxış prizmasından təqdim olunacaq. Layihənin əsas ilham mənbələrindən biri bu il 120 illik yubileyi qeyd edilən görkəmli alim və xalçaçı-rəssam Lətif Kərimovun zəngin yaradıcılığıdır. Mütəxəssislər onun yaratdığı xalça kompozisiyalarını, naxışlarını, rəng harmoniyasını və bədii-estetik prinsiplərini müasir geyim kolleksiyalarında yaradıcı şəkildə nümayiş etdirəcəklər.
Layihənin məqsədi Azərbaycan xalçaçılıq sənətinin təbliği, milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi, eləcə də onun müasir təqdimat formaları ilə daha geniş auditoriyaya çatdırılmasıdır.
Fashion show çərçivəsində 14 peşəkar modelyer-dizaynerin – Fəxriyyə Xələfova, Gülnarə Xəlilova, Leyla Əhmədova, Yeganə Sadıqova, Mətanət Bayramova, Xəyalə Məsimova, Səbinə Zülalova, Leyla Babazadə, Günay Əliyeva, Şəbnəm Bayramova, Əcəmi Azər, Kübra Nuriyeva, Afaq İsmayılzadə və Xəyalə Bayramovanın hazırladığı ümumilikdə 116 geyim nümayiş olunacaq.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 11:31


























