Dünyanın ilk xalça muzeyi Azərbaycanda yaradılıb

Dünyanın ilk xalça muzeyi - Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 nömrəli sərəncamı ilə yaradılıb.
Reportyor.az bu barədə Azərbaycan Milli Xalça Muzeyinə istinadla bildirir.
Görkəmli alim, Xalq rəssamı, “Azərbaycan xalçası” adlı fundamental əsərin müəllifi Lətif Kərimovun təşəbbüsü ilə yaradılan muzeyin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidində ümummilli lider Heydər Əliyevin iştirakı açılıb.
1992-ci ildə Azərbaycan Milli Xalça Muzeyi Neftçilər prospektində yerləşən Muzey Mərkəzinə köçürülüb.

2007-ci ildə Prezident İlham Əliyev Azərbaycan Milli Xalça Muzeyi üçün ayrıca binanın tikilməsi haqqında sərəncam imzalayıb və bu irimiqyaslı layihə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Muzey işinin ən müasir tələblərinə cavab verən, avstriyalı mütəxəssis Frans Yansın memarı olduğu açılan xalça formalı unikal bina 2014-cü ildə ildə istifadəyə verilib.
Hazırda ölkəmizin müasir memarlıq tikililərindən birində yerləşən Azərbaycan Milli Xalça Muzeyi dekorativ-tətbiqi sənət nümunələrinin, o cümlədən milli irsimiz olan xalçaların saxlanc yeri, həmçinin xalça sənətinin hərtərəfli araşdırıldığı və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdim edildiyi məkandır.



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 13-03-2025, 12:25