Şahzadə Faysal: Səudiyyə Ərəbistanının təhlükəsizliyi və ərazi bütövlüyü toxunulmazdır

Xarici işlər naziri Şahzadə Faysal bin Fərhan Səudiyyə Ərəbistanının təhlükəsizliyinin, ərazi bütövlüyünün və resurslarının toxunulmaz olduğunu vurğulayıb.
Ötğn gün Yeni Dehlidəki "Bharat Mandapam"da keçirilən 18-ci BRICS Sammitinin iclaslarında çıxış edən nazir qeyd etdi ki, Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) digər üzv dövlətləri heç bir bəhanə və ya əsaslandırma ilə öz ərazilərinin və ya həyati əhəmiyyətli obyektlərinin hədəf alınmasını qəbul etməyəcəklər.
Şahzadə Faysal bildirdib ki, regionda davam edən gərginliyin artması qarşıdurma miqyasının genişlənməsinə, həmçinin regional və beynəlxalq təhlükəsizlik və sabitliyi təhdid edən risklərin çoxalmasına səbəb olur. O, gərginliyin azaldılmasına və siyasi-diplomatik səylər üçün şəraitin yaradılmasına üstünlük verilməsinin vacibliyini vurğulayıb.
Səudiyyəli nazir region ölkələrinin təhlükəsizliyini və maraqlarını qoruyan həll yollarının tapılmasının əhəmiyyətini qeyd etdi. "Ərəb Körfəzinin təhlükəsizliyinə onun dövlətlərinin suverenliyinə və müstəqilliyinə hörmət etmədən, eləcə də onların daxili işlərinə qarışmamaq prinsipinə riayət etmədən nail olmaq mümkün deyil", - deyə o bildirdi.
Şahzadə Faysal enerji təhlükəsizliyi və qlobal ticarətlə birbaşa əlaqəsinə görə Hörmüz boğazında və digər dəniz marşrutlarında naviqasiya azadlığının qorunmasının vacibliyini vurğuladı. O xəbərdarlıq etdi ki, bu su yollarında hər hansı bir pozuntu təkcə regionla məhdudlaşmayan, həmçinin beynəlxalq bazarlara və qlobal təchizat zəncirlərinə təsir göstərən nəticələrə səbəb olacaq.
O, Ərəb Körfəzində sabitliyin sadəcə regional məsələ deyil, həm də qlobal iqtisadiyyatın rifahı və onun böhranlar və çağırışlarla mübarizə aparmaq qabiliyyəti ilə sıx bağlı olan beynəlxalq maraq məsələsi olduğunu təsdiqlədi. Nazir regionun təhlükəsizliyini qorumaq və gərginliyin daha da artmasının qarşısını almaq üçün birgə səylərin gücləndirilməsinə çağırdı.
Daha əvvəl, bazar günü xarici işlər naziri Vəliəhd və Baş nazir Məhəmməd bin Salmanı təmsil edərək, sammitdə iştirak etmək məqsədilə Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRICS Sammitinin məkanına gəlmişdi.
Hindistanın "Dayanıqlılıq, innovasiya, əməkdaşlıq və davamlılıq naminə quruculuq" mövzusu altında sədrliyi ilə keçirilən iki günlük BRICS Sammiti bazar günü başa çatdı.
Sammitdə innovasiya və davamlılıq məsələləri ilə yanaşı, üzv dövlətlər arasında iqtisadi, maliyyə, siyasi və inkişaf sahələrində əməkdaşlığın gücləndirilməsi yolları nəzərdən keçirildi. Üzv dövlətlərin liderləri və dəvət olunmuş ölkələrin rəsmiləri qarşılıqlı maraq doğuran əsas regional və beynəlxalq məsələləri müzakirə etdilər.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:42


























