mobil versiya

DTX-nin uğurlu antiterror əməliyyatı: Azərbaycan kimlərin hədəfindədir?



İlham İsmayıl: “Terror təhlükəsinin səviyyəsi Azərbaycanda xeyli aşağı düşüb”


Dövlət Təhlükəsizlik Xidməti (DTX) daha bir böyük əməliyyat keçirərək, terror şəbəkəsini zərərsizləşdirib. Belə ki, DTX-nın İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 218.2 və 279.1-ci  maddələri ilə aparılan cinayət təqibi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən Azərbaycan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub:

“Bəhram Güləliyev barəsində başlanılan cinayət işi üzrə beynəlxalq axtarış tədbirləri çərçivəsində, sonuncu Pakistan İslam Respublikasında saxlanılaraq 2019-cu ilin oktyabr ayında Azərbaycana ekstradisiya edilib.

Müəyyən olunub ki, Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.

Davam edən araşdırmalarla Əfqanıstan və Pakistanın sərhəd bölgələrində terror təlimlərində və silahlı münaqişələrdə iştirak edən, daha sonra tərkibində olduğu dəstənin digər üzvləri ilə birlikdə Suriya ərazisinə keçərək orada dini düşmənçilik zəminində aparılan döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Süleymanov Telman Çərkəz oğlu, habelə onunla eyni vaxtda həmin terror qruplaşmalarının tərkibində Suriyanın Atma və digər şəhərlərində silahlı münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Qasımov Elçin Tofiq oğlu ifşa olunaraq saxlanılıblar".

İlham İsmayıl: ile ilgili görsel sonucu

Bildirilib ki, beynəlxalq terror təşkilatlarına qoşulduğuna görə hazırda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilmiş, 1982-ci il təvəllüdlü Abbasov Rasi Yaşar oğlunun 2014-cü ilin sentyabr ayında ölkə ərazisini tərk edərək Türkiyəyə, oradan isə xüsusi bələdçilər vasitəsilə qanunsuz yolla Suriya ərazisinə keçərək terror təşkilatına daxil olduğu, həmin cinayətkar birliyin tərkibində Suriyanın Cerablus, Rakka və digər şəhərlərində dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirakı müəyyən edilib. Bəhram Güləliyev, Telman Süleymanov, Elçin Qasımov və Rasi Abbasov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

“Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirdi ki, DTX-nın əməliyyatı alqışa layiqdir: “İŞİD-ın bir qədər zəifləməsi və onların daha çox Əfqanıstana yığışmasından sonra bunun keçmiş postsovet məkanı üçün təhlükə olduğunu ilk dəfə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Vasilyeviç Bortnikov demişdi. Bir neçə gün bundan öncə də Aşqabadda keçirilən MDB dövlətlərinin toplantısında Rusiya prezidenti Putin də bu məsələni dilə gətirdi. Dedi ki, bu məsələlər bizim üçün çətindir və sözün həqiqi mənasında ciddi əməkdaşlıq etməliyik. Yəni radikal terroristlərin oradan böyük təhlükə olduğunu Rusiya kimi nəhəng dövlət də etiraf edir. Təbii ki, bizim üçün də bu, təhlükədir. Çünki onların içərisində Azərbaycan vətəndaşları da olub. Yadınıza salın ki, Rusiya prezidenti demişdi ki, bu adamlar öncə İranın ərazisinə keçəcək, daha sonra isə postsovet məkanına. Bu mənada ilk olaraq biz nəzərdə tutuluruq, daha sonra isə Ermənistan. Ancaq təbii ki, islamçı Ermənistana keçməyəcək. O, müsəlman ölkəsi olan Azərbaycana üz tutacaq. Belə bir təhlükə hələ də qalmaqdadır. Biz bu adamları vətəndaşlıqdan çıxarsaq da, onların ölkə ilə müəyyən əlaqələri mövcuddur, gələ bilərlər. Təxmini rəqəmlər budur ki, gedən 950 adamın, 450-si ölmüşdü. Qalanların isə bir qismi qadınlardır və İraqda həbs ediliblər. Lakin yenə də terroristlər var və yeri gələndə Azərbaycanı hədələyirlər. Hədələməyin də səbəbi budur ki, həmin şəxslər mövcud olduqlarını rəhbərlərinə göstərmək istəyirlər ki, bölgəni təhdid altında saxlaya bilirik. DTX-nın əməliyyatı çox yaxşı haldır və bu, təqdirə layiqdir”.

Ekspertin sözlərinə görə, xüsusi təhlükəsizlik orqanları bu cür şəxslərlə bağlı məsələni daimi nəzarətdə saxlayırlar: “Təbii ki, onlarla bağlı görülən işləri ictimaiyyət bilməli deyil. Bütün bunlar məxfi qaydada aparılır. Açıqlansa ki, kiminsə izinə düşüblər, o zaman həmin adam da əks tədbirlər görəcək. Xüsusi təhlükəsizlik orqanlarının əsas işi məxfilikdir. Məxfiliklə əməliyyat şəraitinə nəzarət edirlər. Bu adamların zərərsizləşdirilməsi bizim üçün çox müsbət hadisədir. Sözün həqiqi mənasında bu əməliyyat şəraitinə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən çox yaxşı nəzarət olunur. Ən azından biləsiniz ki, terrorun təhlükə səviyyəsi Azərbaycanda xeyli aşağı düşüb. Hazırda ASALA-dan danışmağa dəyməz. Çünki bu terror təşkilatı fəaliyyətini faktiki olaraq dayandırıb. ASALA-nın 1995-ci ildən sonra fəaliyyəti yox səviyyəsindədir. Ona görə də xüsusilə qatı ərəb terror təşkilatı Abu Nidalla onların əlaqəsi yaranandan sonra terror təşkilatları ASALA ilə əlaqələrini kəsdilər. Çünki terror təşkilatları Abu Nidala nifrət edirdilər. Ümumilikdə Hakop Hakopyan öldürüləndən sonra ASALA-nın fəaliyyəti dayanmış kimidir. Ancaq erməni terrorizmi hər zaman baş qaldıra bilər. 150 ildir ki, hədəfdə Türkiyə və Azərbaycan gəlir. Yenə də onlar qalxa bilərlər və biləsiniz ki, buna da nəzarət olunur”.


“Yeni Müsavat”
MANŞET / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 14-10-2019, 10:00