mobil versiya

10 yaşlı Nərmini nə öldürdü? – “Xoşqədəmin şousu”, yoxsa səhlənkarlıq? - YANAŞMA + VİDEO



Tovuzun Dondar Quşçu kəndində vəhşicəsinə öldürülən 10 yaşlı Nərmin Quliyeva bütün Azərbaycan cəmiyyətində narahatlıq yaradıb.

İnsanlar cinayətin tez bir zamanda açılmasını və bu işdə iştirak edən şəxslərin cəzalandırılmasını tələb edir. Hətta çoxları ölüm hökmünün ləğvinə görə təəssüflənirlər.

İnsanların sosial şəbəkələrdə və hər yerdə göstərdikləri ağrılı reaksiyanı başa düşmək olar. Hamının uşağı var. Buna görə də yetkinlik yaşına çatmayanlara qarşı yönəlmiş cinayət əməlləri hər kəsin ürəyində kəskin ağrılarla qarşılanır. Hamımız çalışırıq ki, uşaqlar əziyyət çəkməsin. Ancaq təəssüf ki, ideallıqdan uzaq olan cəmiyyətimizdə baş verən faciəli hadisələrdə günahsız uşaqlar əziyyət çəkir.

Biz məktəblilərin və böyüklərin amansızlığının və ikiüzlülüyünün qurbanı olan, intihar edən 14 yaşlı Elina Hacıyevaya kömək edə bilmədik. İtkin düşəndən 46 gün sonra yanmış vəziyyətə tapılan Nərmin Quliyevaya kömək edə bilmədik. Bizdən kömək gözləyən başqa uşaqlar da oldu, amma heyhat.

Ən pisi odur ki, onların ölümündə biz hamımız günahkarıq. “Biz” dedikdə mən valideynləri, qonşuları, polis işçiləri, müstəntiqlər, jurnalistlər, televiziya adamları, tamaşaçılar, oxucular, həkimlər, müəllimlər və ölkəmizin hər bir şüurlu vətəndaşını nəzərdə tuturam. Əgər indi bu barədə danışmasaq və ətrafımızda baş verən axmaqlığa son qoymasaq, sabah Azərbaycanda uşaqlar öləcək.

Faciənin bir daha baş verməməsi üçün hər kəs öz işini görməlidir, qanunlara əməl etməli və başqalarını nizama riayət etməyə çağırmalıdır. Sonda - ətrafımızda baş verənlərə laqeyd qalmamalı və fərdlərin vəziyyətdən öz maraqları üçün sui-istifadə etmələrinə imkan verməməliyik. Əks təqdirdə, bütün bunlar daha böyük ölçüdə növbəti faciələrlə nəticələnəcək.

İkiüzlü axmaqlıq nəticəsində Nərmin Quliyevanın yoxa çıxmasının əsl şouya çevrilməsi, bəlkə də, sonda onun öldürülməsinə səbəb oldu. Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı şou düzəltdi, hüquq-mühafizə orqanlarının susqunluğu isə ona kömək etdi.
İndi hər şeyi izah edəcəyəm.

Uşaq 2019-cu il noyabrın 21-i yoxa çıxdı. Bu xəbəri bütün ölkəyə yayılan kimi, Xoşqədəm Hidayətqızı, necə deyərlər, qollarını çırmayıb “Xəzər” TV-də “Səni axtarıram” verilişində növbəti şousuna başladı.

Qızın axtarışının ilk günlərindən televiziya aparıcısı onun qohumlarını bir-bir dəvət etməyə başladı. Verilişə uşağın nənəsi, anası, atası, əmiləri və onların həyat yoldaşları gəldi. Üstəlik, o, Tovuza gedərək Nərminin əmisi uşaqlarını, hətta yetkinlik yaşına çatmayanları da sorğu-sual elədi. Baxmayaraq ki, yaxın qohumlar ilk şübhəlilər hesab edilirdilər. Xatırlayaq ki, Nərmin əmisi Lətif Quliyevin evinin həyətindən yoxa çıxıb.
Təbii ki, bütün bu göstərilən “səylər” heç bir müsbət nəticə verə bilmədi, əksinə, X.Hidayətqızı əməliyyatçılara müdaxilə etdi. Bu, təkcə onun günahı deyil, məncə, Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyi də bunda günahkardır.

Uşağın tapılmadığına görə hər bir qohum, qonşu, kənd sakini daxil olmaqla, dörd min nəfərdən çox şübhəli olduğu halda, X.Hidayatqızı əməliyyat-axtarış fəaliyyətinə müdaxilə edir və istintaqda qarışıqlıq yaradır.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının Xoşqədəmə təhvil verdiyi hadisələri izləyən şübhəlilər öldürülən Nərminin qohumları olan cinayət şahidlərinin söylədiklərinə əsasən hər şeyi biliblər və buna əsasən sonrakı addımlarını müəyyən ediblər. Hətta istisna etmirəm ki, qatil özündən şübhələri atmaq üçün Xoşqədəmin proqramında iştirak edib.

Ancaq bu hamısı deyil.

Bir dəfə X.Hidayətqızı bütün yerli saytlar tərəfindən yayılan diqqətsiz bir ifadəyə yol verdi.

“Nərmin, axtarışlara başlayanda bilirdim ki, sağ deyilsən, amma bir möcüzəyə inanırdım. Düşünürdüm ki, sağ tapılarsan. Əlimdən gələni etdim, böyüdüyün evdə oldum, bütün məhəllələri gəzdim, amma səni tapmadım...”, - teleaparıcı deyib.



Birincisi, deyək ki, müayinənin nəticəsinə əsasən, Nərmin tapılandan 4-5 gün əvvəl, yəni sağ olduğu 40-cı gündə öldürülüb. İkincisi, niyə heç kim ona bu suaıl vermədi: “Bunu haradan bilirsən? Uzaqğörənsən, ya başqa məlumat mənbəyinə sahibsən?”

Nərminin anası isə “Səni axtarıram” verilişinin efirində, övladını qaçıran şəxsə müraciət etdi:


“Ölü də olsa, övladımı qaytar”.

Nəticədə, uşaq öldürüldü və valideynlərinin evinə atıldı.

Cəsəd aşkar edildikdən sonra qadın jurnalistlərə qızının belə vəhşicəsinə qətlə yetiriləcəyini gözləmədiyini etiraf etdi.



Bütün bunlara yalnız bir tərif verilə bilər – səhlənkarlıq. Bu, təkcə mənim fikrim deyil. Təhlil edib nəticə çıxara bilən digər jurnalistlər də eyni fikirdədirlər.



Belə bir şouya icazə vermək lazım deyildi. Polis aparıcının bütün müdaxilələrini dayandırmalı idi. Nərminin sağ tapması üçün 40 gün var idi. Kəndin bütün ərazisini, hər bir evi gəzmək, kinoloji xidmət cəlb etmək və könüllülər dəstəsi təşkil etmək lazım idi. Ancaq təəssüf ki ...
Yəqin ki, bu ölümcül səhv hamımız üçün bir dərs olacaq.//oxu.az

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 10-01-2020, 16:40