“Lotu Quli” əfsanəsi: hotel otağında kəsilən ömür və qatilin sirri...
“Xan Əhmədlinski” kimi tanınan kriminal avtoritet Xaqan Zeynalov “qanuni oğru”nu kart oynayarkən güllələyib; qətldən 30 dəqiqə əvvəl çəkilən kadrlar kimə göndərilib; son illər barəsində ən çox danışılan Nadir Səlifov bu gün dəfn ediləcək...
Qatil və qətlin motivləri...
“Qanuni oğru”, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun Türkiyədə qətli kriminal aləmdə şok effekti yaradıb. “Quli” avqustun 19-da Türkiyənin Antalya şəhərində baş nahiyəsinə açılan güllə ilə öldürülüb. Nadir Səlifovu qətlə yetirən isə onun yaxın ətrafına daxil olan Xan Əhmədlinskidir. Kriminal avtoritet Xaqan Zeynalov “Lotu Quli”ni hotel nömrəsində kart oynayarkən vurub. Bu haqda Rusiyanın “Prime Crime” saytı yazıb. Bildirilir ki, qanlı aksiya zamanı otaqda “Lotu Quli”dən başqa daha 2 nəfər, o cümlədən onun cangüdəni olub. Otağa daxil olan qatilə - Xaqan Zeynalova heç kim əhəmiyyət verməyib, çünki o, çoxdan kriminal avtoritetin yaxın ətrafına daxil olmuşdu və etimadını qazanmışdı.
Otağa daxil olan X.Zeynalov Nadir Səlifovun gicgahından atəş açıb, bu zaman “Quli”nin cangüdəni cavab atəşi açsa da, qatil qaça bilib. Sonradan Antalya-Dənizli şossesində Türkiyə polisləri tərəfindən saxlanılıb. Azərbaycan vətəndaşı olduğu deyilən 25 yaşlı Xan Əhmədlinski - Xaqan Zeynalovla yanaşı 26 yaşlı Əmir Həmidli də tutulub. Lent.az xəbər verir ki, N.Səlifov Bakıxanov qəbiristanlığında atasının məzarının yanında dəfn ediləcək.
“Lotu Quli”nin qətli ilə bağlı müxtəlif versiyalar var.
Qətlin digər nüfuzlu “qanuni oğru” “Rövşən Lənkəranski”nin (Rövşən Canıyev) ölümümün 4-cü ildönümünə təsadüf etməsi işdə onun tərəfdarlarının əlinin olması ehtimallarını yaradıb. Məsələ burasındadır ki, 2016-cı il avqustun 18-də “Rövşən Lənkəranski” qətlə yetirilib. Türkiyədə baş verən bu qanlı olayda həmin vaxt həbsdə olan “Lotu Quli”nin adı hallanıb. 2017-ci ildə Rövşən Canıyevin qardaşı Namiq Canıyev və daha bir neçə nəfər Türkiyədə Nadir Səlifova qarşı sui-qəsd planına görə həbs edilib, sonradan azad olunub. Bu baxımdan “Quli”yə qarşı qəsd planı avqustun 19-da, yəni Rövşən Canıyevin Lənkəranda dəfn gününə təsadüf etməsi qisas tədbiri kimi dəyərləndirilir. Bununla belə, hadisənin avqustun 19-da baş verməsi təsadüf ola bilər. Tətiyi çəkən azərbaycanlı barmağı olsa da, sifarişin Rusiya kriminal dairələrindən gəlməsi ehtimalları qalır. Və ya digər kriminal qruplaşmaların azərbaycanlı kriminal qruplaşmalar arasında çaxnaşma yaratmaq, bir-birinə qırdırmaq planının tərkib hissəsi də olması mümkündür.
Mümkündür ki, “Lotu Quli”ni Rusiya kriminaliteti sifariş edib, qanlı aksiya tarixini də bu şəkildə seçməklə bütün diqqətin “Rövşən Lənkəranskinin” tərəfdarlarına yönələcəyini proqnozlaşdırıblar.
Təsadüfi deyil ki, Rusiya istintaq orqanları “Lotu Quli” barəsində heç bir tutarlı dəlil, əsas olmadan cinayət işi başlamış, onun barəsində həbsli axtarış elan etmişdilər. “Lotu Quli”nin nüfuzu Rusiya kriminal aləmini, həmin aləmlə əlaqəli nüfuzlu məmur-oliqarxları çox ciddi şəkildə narahat edirdi. Özlərinə yaxın kriminal qruplaşma rəhbərlərinin ucsuz-bucaqsız Rusiya bazarlarında liderliyini təmin etmək üçün hər fürsətdən “Lotu Quli”yə qarşı istifadə edirdilər. İstək də bu idi ki, “Quli” Rusiya ərazisinə gedib oradakı işlərə qarışa bilməsin. Yəni hamı bilirdi ki, Nadir Səlifovun əsas düşmənləri təkcə Azərbaycanın kriminal aləmində deyil, Rusiya kriminalında da var.
“Nadir Səlifovun qətlində mərhum Rövşən Lənkəranskinin adamlarının əli yoxdur. ”Rövşənin qisası alındı" tipli iddialar puç və absurddur". Bunu deyən araşdırmaçı jurnalist Elçin Aloğlu iddia edir ki, ümumiyyətlə, bu qətl çox müəmmalıdır: “Onu öz adamı güllələdi" versiyası primitivdir. Səlifovun ölüm fərmanı Rusiyada verilib".
“Mən ”qanuni oğru"yam və mənim üçün “oğru” şərəfi hər şeydən üstündür"
Nadir Səlifov 1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. Tərəfdarlarına diqqətcilliyi ona gürcü avtoritetlərin “Quli” - gürcü dilində “ürək” deyə müraciət etmələrinə yol açıb. Başqa bir versiyaya görə, kriminal aləm ona bu ləqəbi ürəkli, cəsarətli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı, “Otar” ləqəbi ilə tanınan Otari Bədəlovla yaxın dost olub. Otar 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barında naməlum şəxslər tərəfindən güllələnib. Bu işdə “Lənkəranski”nin tərəfdarlarının əlinin olması xəbəri yayılıb. Bundan sonra “Lənkəranski”yə “qanuni oğru” adı verən Nardaranlı Mirseymur da qətlə yetirilib. Bununla avtoritetlər arasında qanlı mübarizə açıq müstəviyə keçib.
“Lotu Quli”nin həbsxanaya yolu çox gənc yaşlarında düşüb və 2001-ci ildə, 29 yaşında “qanuni oğru” adına layiq görülüb. Həmin vaxt o Azərbaycanda Böyük Şor qəsəbəsində yerləşən 6 saylı həbsxanasında 15 illik həbs cəzasını çəkirdi. “Quli”nin həbs müddətinin azaldığı bir vaxtda, 2005-ci ildə onun qardaşı Müşfiq Səlifovu həbs ediblər. Voleybol oyununa baxmağa gələn universitet tələbəsi Müşfiq Səlifovun üstündən rəsmi məlumata görə, tapança tapılmışdı. O, həmin il universitetin sonuncu kursunda oxuyurdu, toya hazırlaşırdı, hətta həbs olunanda nişanlısının bəzi cehizləri də avtomobilində idi.
Müşfiq Səlifovun həbsindən sonra Azərbaycanın bir neçə həbsxanasında “qiyama cəhd” baş verdi. Bu işdə rəsmilər nədənsə “Lotu Quli”ni günahkar tuturdular. 2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi başlandı. Ona və bir neçə məhkuma cəzaçəkmə müəssisəsində zorlama, ayrı-ayrı şəxslərdən hədə qorxu ilə pul tələbinə görə ittiham irəli sürüldü. “Lotu Quli” bu maddələri sonadək qondarma, onun “qanuni oğru” adına ləkə gətirmək cəhdi kimi qiymətləndirərək, ittihamı qətiyyətlə rədd edirdi. 2005-ci il oktyabrın 14-də Lotu Quli məhkəməsində çıxışında siyasətlə məşğul olmadığını, öz ideyasının olduğunu açıq şəkildə bəyan etmişdi.
Onun çıxışından sitat: “Bu məhkəmə prosesinin qapalı keçməsinin əleyhinə olmuşam. Çünki mənim gizlədiləsi heç nəyim yoxdur, mən düzəm. Mən bu gün Azərbaycanda yeganə ”qanuni oğru"yam ki, Azərbaycan türmələrindəki sözübütöv dustaqların və gənclərin taleyi mənim üçün əhəmiyyətsiz deyil. Mənim “zon”lara bütün növ narkotikdən istifadənin qadağan olunması barədə “proqon”um olub. Və hər şey də bundan sonra başlayıb. Çünki mən həbsxanalarda narkotik satışında külli miqdarda pul əldə edənlərin biznesi üçün əngəl yaratmışam. Mən “qanuni oğru”yam və mənim üçün “oğru” şərəfi hər şeydən üstündür. Bir daha deyirəm, mən siyasətlə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik..."
2006-cı ilin iyununda Bakı Apelyasiya Məhkəməsində “Quli” zorlama maddəsi ilə bağlı bəraət aldı. Məhkəmə həmçinin onun qapalı həbsxanada deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasına qərar verdi. Həmin ildən 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü. O, “içəri”də olduğu müddətdə cəzaçəkmə müəssisəsindən kənarda da oğru aləmini idarə etməyə başladı.
Kriminallarla savaşda
“Lotu Quli” ilə savaşda olanlardan biri də Hikmət Muxtarov idi. “Sabirabadlı Hikmət” 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektində qətlə yetirildi. O, ofisdən çıxıb binanın yanında duran “Mersedes-500" markalı maşınına minmək istərkən qatillər ona avtomat və tapançadan atəş açdılar. Bundan sonra ”Quli" ilə “Lənkəranski” arasında dava daha da qızışdı. Rövşən Lənkəranskinin İlqar adlı killeri ilə bir vaxtlar Lotu Qulinin yaxın ətrafına daxil olan nüfuzlu kriminal avtoritet Sabirabadlı Hikmət arasında telefon danışıqlarının audioyazısından məlum olur ki, bu iş üçün tərəflər 500 min dollara anlaşıblar. Hadisələr 2009-cu ildə cərəyan edib və son nəticədə baş tutmayıb. Hikmət Muxtarovun, daha sonra Məmməd Hüseynovun (“Masallı Mamed”) ölümündən sonra Azərbaycan kriminal aləmində ikitirəlik dərinləşmişdi, düşmənçilik səviyyəsinə qalxmışdı.
“Lənkəranski”nin qətli isə tərəfləri daha da amansızlaşdırıb. Bununla belə, “Quli” Azərbaycanın kriminal dünyasını bütövləşdirməyə çalışıb. Hətta vaxtilə onu “qanuni oğru” kimi qəbul etməyənlərin sırasında olan Azərbaycan əsilli klassik “qanuni oğru” Arif Mehdiyevlə (Sumqayıt Arif) bir araya gələ bilib. “Lotu Quli” azadlığa çıxdıqdan sonra postsovet ölkələrində müxtəlif kriminal qruplaşmaları küncə sıxmaqla bu aləmdə azərbaycanlıların yenidən nüfuz qazanmasını şərtləndirib. Eyni zamanda, özü postsovet məkanında bir nömrəli “qanuni oğru”ya çevrilməyə başlayıb. Bu isə Rusiyanın kriminal dünyasının liderlərini xüsusilə, mərhum Aslan Usoyanın (Ded Xasan) varisi hesab edilən və hazırda Rusiya həbsxanalarının birində cəza çəkən Zaxari Kalaşovu (“Şakro Molodoy”) narahat etməyə başlayıb. 1 il əvvəl Türkiyədə baş verən “Çixladze olayı”nda Zaxari Kalaşovun rolunun olduğu bildirilib. Məlumat üçün deyək ki, 1 il əvvəl gürcü əsilli “oğru” Quram Çixladze (“Kvejoviç”) ilə Nadir Səlifov arasında münaqişə baş verib. “Quli” ilə görüşə gələn Kvejoviç onunla saymazyana danışdığına görə vurulub. Onu vuran isə qazax əsilli kriminal avtoritet Arman Cüməgəldiyev (“Arman Dikiy”) olub. Hadisədən dərhal sonra Nadir Səlifovun titulunun alınmasına cəhd edilib. Lakin o, bununla bağlı keçirilən “sxodka”lardan qalib ayrılıb. Bundan sonra Quram Çıxladze “Lotu Quli”nin bacısı oğlu Məhəmməd Qurbanova (Maqa) hücum çəkib. Restoranların birində əylənən Maqa bıçaqlanıb. O zaman bu olay Nadir Səlifovu qanlı münaqişəyə cəlb etmək cəhdi kimi dəyərləndirilmişdi. Rusiya mediasında vaxtaşırı Nadir Səlifov barəsində kompromatların dərc edilməsi də göstərirdi ki, onun güclənməsi bu ölkədə narahatlıqla qarşılanır. Hətta “Lotu Quli” ilə münasibətləri kəskin olan Azərbaycan əsilli kriminal avtoritet Əli Heydərov (“Albert Rıjıy”) azadlığa buraxıldıqdan sonra Rusiya mediası yazırdı ki, onu Zaxari Kalaşovun yerinə hazırlayırlar. Bu, əslində “Lotu Quli”yə qarşı mübarizədə “Albert Rıjı”nın önə çıxacağına işarə idi.
Rusiyanın kriminal dünyası, onlara dəstək verən məmur oliqarxları “Lotu Quli”ni kabus kimi qəbul edirdi. Onun qətlinin də şimaldan verilən sifarişlə baş tutma ehtimalı da böyükdür.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 21-08-2020, 09:06