mobil versiya

Qalaktikamızda qeyri-adi dəyişkənlik göstərən yeni tip ulduzlar aşkarlanıb



Böyük Britaniya, Braziliya, Çili, Almaniya, Cənubi Koreya və İtaliyadan olan astronomlar tez-tez püskürmələr müşahidə olunan protoulduzların tədqiqatı çərçivəsində Çilidəki Vista və VLT teleskopunda 222 ulduzun müşahidəsini apararaq, bir cəhddə 32 belə protoulduz aşkar ediblər. Lakin müşahidə olunan fərqli obyektlər bu nəticəni kölgədə qoyub. On il ərzində davamlı izlənən ulduzlardan 21 qırmızı nəhəng ulduzun parlaqlığının spesifik dəyişkənliyi aşkar olunub. Bu ulduzlar Yerdən 30000 işıq ili məsafədə yerləşir və saylarının daha çox olduğu güman edilir.
Bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat verib.
Tədqiqat işinin müəlliflərindən olan Filip Lukasın sözlərinə görə, heç bir aktivlik göstərməyən həmin ulduzların parlaqlığı anidən 40-100 dəfə zəifləyir. Onları hətta infraqırmızı diapazonda belə qeyd etmək çox çətin olur. Bir neçə ildən sonra isə onlar əvvəlki parlaqlığa qayıdırlar.
Fərz olunur ki, “qatı duman”a bənzər maddə atılmaları bu ulduzların ətrafında “bulud” yaradaraq parlaqlığını zəiflədir. Prosesin mexanizmi isə hələ aydın deyil. Hazırda məlum olan qalaktikanın bu bölgəsində ağır elementlərin miqdarının daha çox olmasıdır ki, bu da ulduzların atmosferində daha çox toz yaradır. Əgər mülahizələr özünü doğruldarsa, belə qənaətə gəlmək olar ki, bu ulduzlar bizim qalaktikada və ondan kənarda fəzanın ağır elementlərlə zənginləşdirilməsində çox mühüm rol oynayır.
Qeyd edək ki, tədqiqat işi “Monthly Notices of the Royal Astronomical Society” jurnalında çap olunub.


MARAQLI / KARUSEL
Tarix: 2-02-2024, 15:45