mobil versiya

Berlində Firəngiz Əlizadənin yubiley konserti keçirilib


Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin 75 illik yubileyi münasibəti ilə konsert təşkil olunub.
Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfirlik tərəfindən təşkil edilən tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici diplomatlar, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər.
Tədbirin başlanğıcında Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş qısa film nümayiş etdirilib.
Sonra çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin həyat və yaradıcılığından söhbət açaraq qeyd edib ki, hələ gənc yaşlarından maraqlı musiqi əsərlərinin müəllifi olan və beynəlxalq səviyyədə mühüm uğurlara imza atan bəstəkarın Azərbaycan bəstəkarları arasında özünəməxsus yeri vardır. F.Əlizadənin əsərlərinin dünyanın bir çox tanınmış musiqiçiləri və orkestrləri tərəfindən ifa olunduğunu diqqətə çatdıran N.Ağayev onun çoxsaylı mükafatlarla təltif olunduğunu qeyd edib. Səfir F.Əlizadənin Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə pedaqoji fəaliyyətlə məşğul olduğunu və böyük sayda musiqiçilərin yetişməsində vacib rol oynadığını söyləyib.
Çıxışdan sonra Azərbaycan Bəstəkarlar İttifaqının musiqi kollektivinin ifasında Firəngiz Əlizadənin əsərlərindən ibarət konsert təqdim olunub. Bəstəkarın “Rəqs”, “Dastan”, “İmpuls”, “Aşk havası”, “Muğamsayağı” və digər əsərləri tamaşaçıların böyük rəğbəti və sürəkli alqışları ilə qarşılanıb.

MƏDƏNİYYƏT
Tarix: 7-12-2022, 14:29