mobil versiya

Moskvada Bülbülün 125 illiyinə həsr olunmuş tədbir keçirilib


Moskvadakı Rusiya Milli Musiqi Muzeyində görkəmli Azərbaycan opera müğənnisi, SSRİ xalq artisti, Azərbaycan peşəkar vokal xanəndəlik məktəbinin banisi Bülbülün anadan olmasının 125 illiyinə həsr olunmuş gecə keçirilib.
APA-nın Moskva müxbirinin məlumatına görə, gecə çərçivəsində Azərbaycan və Rusiya muzeylərindən olan eksponatların nümayiş olunduğu sərgi təşkil olunub.
Tanınmış musiqiçilər Bülbülün repertuarından parçalar ifa ediblər.
Gecəni giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bülbülün sənətə, xalqına həsr etdiyi işıqlı ömür sürdüyünü qeyd edib. Bildirib ki, Bülbül İtaliyada təhsil aldıqdan, məşhur La Skala Teatrında təcrübə keçdikdən sonra vətənə qayıdıb Azərbaycan, Avropa və rus ifaçılıq məktəblərinin sintezini yaradaraq, vokal sənətinə yeni münasibətin əsasını qoyub.
“Vurğulamaq istərdim ki, 1997-ci ildə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin fərmanı ilə Bülbülün 100 illik yubileyi ilə əlaqədar xüsusi sərəncam verildi və orada Bülbül adına vokal müsabiqəsinin yaradılması haqqında ayrıca bənd var idi. O vaxtdan bəri 8 belə müsabiqə keçirilib, onlardan 4-ə görkəmli müğənni İrina Arxipova rəhbərlik edib. Mən çox şadam ki, indi Azərbaycan incəsənətini dünyanın bir çox səhnələrində təmsil edən müğənnilər bu müsabiqədən keçiblər - bunlar Elçin Əzizov, Yusif Eyvazov, Dinara Əliyeva və bir çox başqaları Bülbül adına müsabiqənin laureatıdır”, - deyə P.Bülbüloğlu vurğulayıb.
Səfir Azərbaycanda Bülbülün Ev-muzeyinin tarixindən danışıb: “1981-ci ildə Bakıda, 1983-cü ildə isə Şuşada Bülbülün Ev-muzeyi açılıb. Təəssüf ki, o vaxt 30 ilə yaxın fasilə oldu və indi onun doğulduğu evdə, Şuşada Bülbülün Ev-muzeyi yenidən ziyarətçilərin üzünə açıqdır”.
P.Bülbüloğlu gecənin təşkilində göstərdikləri dəstəyə görə, Rusiya və Azərbaycanın Mədəniyyət Nazirliklərinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Rusiya Milli Musiqi Muzeyinin direktoru Mixail Brızqalov Bülbülün 125 illiyinə həsr olunmuş sərginin açılmasının iki ölkənin mədəniyyət həyatında önəmli hadisə adlandırıb: "Bu bizim üçün böyük sevinc və şərəfdir. Bülbül adı Azərbaycan və sovet musiqisi tarixinə qızıl hərflərlə yazılıb. O, Azərbaycanda yeni vokal məktəbinin yaradıcısı və öz yaradıcılığında xarakterik şərq ifaçılığı ilə Avropa ənənələrini birləşdirən ilk müsəlman müğənnisi olub. Bülbül Stalin mükafatı laureatı, iki Lenin ordeni sahibi, Azərbaycan milli musiqili teatrının banilərindən biri olub ”.
M.Brızqalov Bülbülün həyat və yaradıcılığından danışıb. Bildirib ki, bugünkü sərgidə şəxsi əşyalar, diplomlar, mükafatlar, konsert çıxışlarının və opera tamaşalarının proqramları təqdim olunur: "Sərginin eksponatları musiqiçinin yaradıcılıq yolunu, ictimai fəaliyyətini üzə çıxarır, ailə həyatının məqamlarını və Azərbaycan musiqi mədəniyyətində görkəmli xadiminin xatirəsinin necə yaşatmaqda davam etdiyini və yeni artist nəsillərini ruhlandırdığını əks etdirir".
Böyük xanəndənin nəvəsi, dirijor Murtuza Bülbül sərgidə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib. “Sərgi çox böyükdür. O, görkəmli Azərbaycan opera ifaçısının həyatının bütün mərhələlərini nümayiş etdirir. Mən bu nəslin nümayəndəsi olmaqdan qürur duyuram. Şadam ki, sərgi Moskvada - babamın tez-tez olduğu və mənim təhsil aldığım şəhərdə keçirilir”, - deyə M.Bülbül qeyd edib.
Gecə konsert proqramı ilə davam edib. Azərbaycanın əməkdar artistləri Elnarə Məmmədova, Anar Şuşalı, Təyyar Bayramov, Bülbül adına müsabiqənin laureatı Nigar Cəfərova Bülbülün repertuarından əsərlər ifa ediblər. Konsert proqramı “Qarabağ şikəstəsi” ritmik muğamı ilə başa çatıb.

MƏDƏNİYYƏT
Tarix: 8-12-2022, 20:04