mobil versiya

Növbəti "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin açılışı olub


"Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin məqsədi gənclərdə döyüş ruhunun yüksəldilməsi və hərbi-vətənpərvərliyin artırılmasıdır".APA xəbər verir ki, bunu III "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Agentlik sədri qeyd edib ki, III "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsi bu günə qədər keçirilən ən yüksək tədbirlərdən biridir:
"Hərbiyyə" hər dəfə daha çox gəncimizi əhatə edir. Bu gün "ASAN Könüllülər"i 19 mindən artıq gənci öz ətrafında birləşdirib. Könüllülər bu günə qədər 500 layihə həyata keçiriblər. "Hərbiyyə" bugünkü şəraitdə Azərbaycan gəncinin ən vacib və faydalı tədbirlərindən biridir. Hər birimiz Azərbaycan əsgəriyik. Bu gün əsgərimizin xidmət etməsi üçün hər cür şərait yaradılıb. Bizə qalan dövlətə, dövlətçiliyə və Ali Baş Komandana sədaqətlə xidmət etməkdir. Gələcəkdə bu düşərgədə iştirak edən gənclərin sayı daha da artırılacaq".
Qeyd edək ki, Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağında “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsininin açılış mərasimi də keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət"), Müdafiə Nazirliyi, "ASAN Könüllüləri" Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Gədəbəy Rayon İcra Hakimiyyəti və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
Açılış mərasimindən əvvəl iştirakçılar Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzi və Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birliyi ilə tanış olublar. "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçılarının Şəmkir hərbi birliyinə səfəri zamanı Birlik komandiri, general-mayor Xəqani Cəbrayılov bildirib ki, mülki və ya hərbçi olmasından asılı olmayaraq hər kəs torpaqlarımızı müdafiə etməyə hazırdır. General bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə yaxın vaxtlarda işğal altında olan torpaqlarımızı azad edəcəyik.
Daha sonra Gədəbəydə  "Hərbiyyə" hərbi-düşərgəsinin açılış mərasimində "ASAN Könüllüləri" Təşkilatının sədri Səbinə Cabbarova bildirib ki, avqustun 26-30-da davam edəcək  layihədə ümumilikdə 100-ə yaxın gənc iştirak edir. Layihə çərçivəsində gənclər müəyyən hərbi-taktiki hazırlıqlara cəlb olunacaqlar. 
"ASAN Xidmət"in sədri Ülvi Mehdiyev bildirib ki, düşərgənin məqsədi gənclərdə döyüş ruhunun yüksəldilməsi və hərbi-vətənpərvərliyin artırılmasıdır.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev bildirib ki, tədbirin bu ərazidə keçirilməsi böyük önəm daşıyır, çünki bura strateji əhəmiyyətli rayondur, Gədəbəyin hər qarışı bir tarixdir. 
"Cavad Xan" Tarix və Mədəniyyət Fondunun Birinci vitse-prezidenti Muzadil Həsənov bildirib ki, "Hərbiyyə" düşərgəsinin keçirilməsi milli-mənəvi dəyərlərin təbliği, aşılanmasıdır. Bu layihədə iştirak etmək  üçün böyük şərəfdir. 
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani qeyd edib ki, bu gün Azərbaycanda hamı vətənpərvərlik hissi ilə yaşayır. Ordu ilə xalqın birliyi həm ordunu, həm də dövləti daha güclü edir. 
İştirakçılar Gədəbəydə Ümummilli lider Heydər Əliyev abidəsi önünə gül dəstələri də qoyublar.

/APA/


ÖLKƏ
Tarix: 26-08-2019, 20:07