Laçında əhalinin növbəti tibbi müayinələri təşkil edilib
Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında müxtəlif tibbi müayinələri, eyni zamanda, sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaların keçirilməsini davam etdirir. Növbəti belə tədbir avqustun 9-da baş tutub.
Nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun tibb heyəti tərəfindən Laçın şəhərində sakinlərin müayinələri aparılıb.
Tədbirin əsas məqsədi Laçın rayonunda yaşayan vətəndaşların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və ehtiyac olduqda, müalicə və reabilitasiya tədbirlərinin həyata keçirilməsidir. Eyni zamanda, zədələrin, qırıq və çıxıqların diaqnostikası və aşkarlanması, travma və zədələr nəticəsində yaranan problemlərin aradan qaldırılması üçün dərhal tibbi müdaxilə və müalicə tədbirlərinin təmin edilməsidir. Bundan əlavə, posttravmatik reabilitasiya proqramlarının tətbiqi ilə vətəndaşların funksional imkanlarının bərpa olunması və həyat keyfiyyətinin artırılması, əhalinin travmatoloji zədələrdən qorunması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və gələcəkdə belə problemlərin qarşısının alınması məqsədi daşıyır.
Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Bundan əlavə, onurğa, sinir, dayaq-hərəkət sistemi, bütün növ travmatoloji və ortopedik xəstəliklərin diaqnostikası aparılıb.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim və fizioterapevtləri tədbir iştirakçılarına sağlamlıqlarının tez və effektiv şəkildə bərpasına nail olmaq üçün öz tövsiyələrini veriblər.
Aksiya zamanı 150-dən artıq vətəndaş müayinələrdən keçirilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.(azərtac)
SAĞLAMLIQ / KARUSEL
Tarix: 9-08-2024, 14:01